Zəngəzurda savaş anonsu – Bakı ərazini nəzarətə götürərək…

 

“Bakı” politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov sualları cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

– Ermənistanın baş naziri kommunikasiya xətlərinin açılması ilə bağlı məqbul həll variantından danışıb. Məqbul həll variantı dedikdə nəyi nəzərdə tutur?

– Nikol Paşinyanın kommunikasiya xətlərinin açılması ilə bağlı yanaşması başa düşülən deyil. Amma ümumilikdə Azərbaycanla Ermənistan arasında kommunikasiya xətlərinin açılması realdır. Bu, daha çox region ətrafındakı hadisələrdən asılıdır. Beləliklə, sərhəddə hər iki tərəfdən dəmir və avtomobil yollarının açılması mümkündür.

– Əsas əngəl nə idi?

– Problem Zəngəzur dəhlizinin açılması ilə bağlı idi. Paşinyan təklif edirdi ki, Azərbaycanın Qərb rayonlarından çıxaraq Ermənistanın şimalından cənubuna keçməklə Naxçıvana çıxış əldə etsin. Bu isə yolun uzadılması deməkdir. Azərbaycan üçün bu məqbul sayılmırdı.

– Amma masada dəhlizlə bağlı bir neçə variantın olduğu deyilirdi…

Sonradan danışıqlarda Zəngəzur istiqamətində iki həll variantı gündəmə gətirildi. Bu, Mehri və Qarakilsə rayonu istiqamətində həyata keçirilə bilən yolu nəzərdə tutur.

 Məqbul variant hansıdır?

– Yoluna və quruluşuna görə Mehri yolu daha məqbul idi.

– Buna nə maneə oldu?

– Əsas problem yenə də Qərbdən yaradıldı.

– Onların əsas istəyi nə idi?

– Qərb dövlətləri beynəlxalq konsersium adı altında yola özü nəzarət etmək istəyir. Hətta Ermənistan tərəfindən onların təklifi qəbul edilmişdi.

– Bu təklif daha çox kim tərəfindən gündəmə gətirilmişdi?

– Bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel dilə gətirmişdi. Ehtimal vardı ki, bu ABŞ tərəfindən deyilmişdi.

– Rusiyanın isə dəhlizlə bağlı təkfiləri tamam başqadır…

– Sözsüz ki, rəsmi Moskva dəhlizin onun nəzarəti ilə açılmasını istəyir.

– Belə çıxır ki, bu Bakı və İrəvan arasında dəhlizlə bağlı problem yoxdur…

– Dəhliz və kommunikasiya məsələsində daha çox Rusiya, ABŞ, Ermənistan, Avropa İttifaqı və digər qütblər arasında ziddiyyətlər var. Bura İranı da əlavə etmək olar. Bütün bunlar onu göstərir ki, regional kommunikasiyaların açılması uğrunda mübarizə heç də Bakı və İrəvan arasında deyil, məhz bu qüvvələr arasında gedir. Ümumiyyətlə bu gün kommunikasiya xətləri uğrunda savaş gedir. Hindistandan İsrailə dənizlər üzərindən Avropaya yük daşımaları, İranın irəli sürmüş olduğu layihələr var. Eyni zamanda Qatar-Suriya Avropa xəttinin bir daha gündəmə gətirilməsi də həmin prosesin tərkib hissəsidir. Sözsüz ki, bu amillər yekunda müharibələrə gətirib çıxarır. Yaxın Şərqdə, Qəzza, Livan ətrafında baş verənlər bu amillərlə bağlıdır. Vaxtilə Suriyada Bəşər Əsədə qarşı vətəndaş savaşının başladılması kimi gerçəkliklər mövcuddur. Ona görə də, Zəngəzur dəhlizinin açılması asan görünsə də, bunun ətrafında müharibələrin olması da ehtimal edilir.

– Sankİ bölgə uğurunda soyuq savaş gedir. Bunun qarşısını necə almaq olar?

– Əgər Ermənistan Zəngəzur dəhlizinin açılmasına razılıq vermiş olsaydı, hazırda hər iki tərəfdə dəmir və avtomobil yolunun işlək halda olması mümkün idi. Bu həm də hər iki tərəf üçün münasibətlərin yeni mərhələyə qədəm qoyması demək olardı. Əksinə Paşinyan buraya qlobal oyunçuları gətirdi. Beləliklə də vəziyyət daha da gərginləşdi.

– Bu halda Zəngəzurun yeni bir savaş nöqtəsi olması ehtimalı güclənmiş olur…

– Sabah Zəngəzurun dəhliz kimi işləməsi və yaxud burada yeni bir müharibənin başlamasının məsuliyyətini Ermənistan rəhbərliyi daşımalı olacaq. Çünki onların verdiyi qərarlar, Zəngəzurda maraqların toqquşmasının nəticəsi kimi yeni savaş başlaya bilər.

– Azərbaycanın rolu nədən ibarət olacaq?

– Bakı burada sabitləşdirici rol oynayır. Gələcəkdə də Azərbaycan bu missiyanı icra edə bilər. Əgər Ermənistan bu coğrafiyanı qoruya bilmirsə, buranı qlobal güclərin mübarizə meydançasına çeviribsə, Azərbaycan regionda sabitləşdirici faktor kimi orada təhlükəsizlik xətti yaradaraq bölgənin yeni bir vəhşi müharibəyə yuvarlanmasının, anarxiyaya çevrilməsinin qarşısını ala bilər.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password