İrəvan kontrastları və Kayman timsahının göz yaşları – Ermənistan COP29-a niyə gəlmədi?
Bu gün COP29 çərçivəsində iqlim sammiti keçirildi. Ev sahibi kimi Azərbaycan Prezidenti İlham Əliyev, eləcə də, BMT-nin baş katibi Antoniu Quterreş açılış nitqi söylədilər. Prezident əslində qlobal səviyyəli proqram çıxışı etdi. Onun fikirləri, əlbəttə, geniş şərh olunacaq. Ancaq bəzi fikirlərin üzərində xüsusi dayanmaq istərdim.
Prezident deyib ki, Azərbaycan COP29-a sədrlik edən ölkə kimi Qlobal Cənubla Qlobal Şimalı yaxınlaşdırmağa çalışacaq. Buna Azərbaycanın Şimal, Cənub, Qərb və Şərq arasında körpü rolunu oynaması imkan verir. Bu, kifayət qədər böyük hədəflərdir və çox mühüm geostrateji layihələr deməkdir. Birqütblü dünya düzənindən çoxqütblü dünyaya keçid dövründə – tarixi mərhələdə bu layihələrdə Azərbaycan yenə də yeni çoxtərəfli tərəfdaşlıq formatlarının əsas iştirakçılarından biri olacaq. Belə bir reallığı Ermənistan və onun arxasında dayanan bəzi dövlətlər yenə də görə, qəbul edə bilmirlər. Ermənistanın özündə: “Biz yenə də vacib layihələrdən kənarda qalacağıq” deyə ekspertlər, hətta siyasətçilər həyəcan təbili çalır. Ermənistanın yeni rəhbərliyi köhnə siyasi xətti davam etdirirlər. Azərbaycan ərazilərini otuz il işğal altında saxlayanda da, Ermənistan Azərbycanı və Türkiyəni onu blokadada saxladığını deyirdi. Özü özünü təcrid vəziyyətinə salıb, Qərbə, Şərqə, Şimala çıxış üçün əlverişli öz kommunikasiya xəttlərini dağıdıb, qapayıb, sonra da blokadadan şikayət edirdi. İndi müharibədə məğlub olduqdan sonra hələ də bu yolların açılmasına qarşı çıxır və yenə də blokadadan danışır. Bu, öz balalarını ağlaya-ağlaya yeyən Kayman timsahının göz yaşlarına bənzəyir.
COP29-a münasibətdə də eyni şey baş verdi; Azərbaycan Ermənistanı dəvət etdi, ancaq onlar Bakıya gəlmək istəmədilər. Nəinki baş nazir, yaxud prezident, xarici işlər naziri səviyyəsində təmsil olundular, hətta ekologiya nazirini də göndərmədilər.
Bununla bağlı Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev açıqlama verib. O deyib: “Azərbaycan BMT-nin iqlim dəyişikliyi üzrə çərçivə konvensiyasının üzvü kimi bütün tərəflərə dəvət göndərib. Təəssüf ki, dəvətə baxmayaraq, Ermənistan COP29-da nümayəndə heyəti ilə təmsil olunmadı. Bununla belə Ermənistan regional əməkdaşlıqdan və tərəfdaşlıqdan danışır. Bu, bir daha onu sübut edir ki, Ermənistan yalnız özünün birtərəfli təbliğatını aparır”.
Doğrudan da, Ermənistan özünü, yumşaq desək, qəribə aparır: bir yandan, özünü təcrid edir, o biri yandan, təcrid olunduğundan şikayətlənir. Sözdə tərəfdaşlığa maraqlı olduğunu söyləyir, reallıqda tərəfdaşlıqdan qaçır. COP29-un məqsədi böyük, zəngin dövlətlərin ekoloji problemlərin həllində nisbətən kiçik, çox kiçik, yoxsul ölkələri dəstəkləməsinə yönəlib. Deməli, həm də Ermənistanın xeyrinə olan bir təşəbbüsdən söhbət gedir. Ancaq rəsmi İrəvan Fransanın, başqa dairələrin diqtəsi ilə öz maraqlarına zidd addım atdı: Bakıya nümayəndə heyəti göndərmədi. Üstəlik həmin o, Fransa və sair kimi COP29-u bütün mümkün vasitələrlə siyasiləşdirməyə və gözdən salmağa çalışdı. Bunun üçün Ermənistan rəsmilərinin çıxışlarına, erməni mediasına baxmaq kifayətdir. Başı sıxışanda, necə deyərlər, quyruğu qapı arasında qalanda, BMT-nin üstünə qaçırdı, həmin Fransanın dəstəyi ilə Azərbaycan əleyhinə qətnamələr qəbul edilməsinə uğursuz cəhdlər etmişdi. Amma indi BMT-nin tədbirinə gəlmədilər. Özlərini beynəlxalq birliyin, qlobal məsuliyyətin bir hissəsi kimi görmədilər. Yenə də “qaranlıq dalan” olaraq qalmağa üstünlük verirlər. Bununla da özləri də istəmədən sübut elədilər ki, onları təcrid edən yoxdur (özlərindən başqa), tərəfdaşlığa da hazır deyillər, sadəcə, söz oyunu ilə baş qarışdırırlar. Amma hara qədər?!/bizimyol.info