İri Şəhərlərin Su Təchizatı Xidməti ilə “Deluxe Electric Azerbaijan” MMC-nin işbirliyinin arxasında nə durur
Ötən il “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti vahid qurumun, yeni yaradılan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tərkibində birləşdirildi. Dövlət Su Ehtiyatları Agentliyində aparılan struktur dəyişikliklərindən sonra Meliorasiya və Su Təsərrüfatı ASC-nin Hidrogeoloji-Meliorativ Xidmət və Suların İstifadəsinə-mühafizəsinə Nəzarət İdarəsinin əsasında Agentlik yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti, Meliorasiya və Su Təsərrüfatı ASC-nin çevrilmə formasında yenidən təşkili yolu ilə Regional Su Meliorasiya Xidməti, “Azərsu” ASC-nin çevrilmə formasında yenidən təşkili yolu ilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmət, Meliorasiya və Su Təsərrüfatı ASC-nin Meliorasiya Elmi Tədqiqat İnstitutunun çevrilmə formasında yenidən təşkili yolu ilə Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu, Meliorasiya və Su Təsərrüfatı ASC-nin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti yaradıldı.
Köhnə, hamının tanıdığı dövlət qurumlarının adları dəyişdirilsə də fəaliyyətləri əvvəlki kimi davam etməkdədir. “Azərsu” ASC-nin çevrilmə formasında yenidən təşkili yolu ilə yaradılan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən energetika sahəsi üçün lazım olan mal-materialların və avadanlıqların satın alınması üzrə 01.10.2024-cü ildə başlanılmış açıq tenderə yekun vurulub və “DELUXE ELECTRİC AZERBAİJAN” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 1.493.349,64 manat məbləğində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır. Məlumat dövlət satınalmalarının vahid internet portalında 01.11.2024-cü il tarixdə dərc edilib.
Qeyd edək ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” tərəfindən nəzərdə tutulmuş mal-materialların və avadanlıqların satın alınması üzrə keçirilmiş açıq tenderdə ehtimal olunan qiyməti 2.444.151,46 manat müəyyən edilib.
Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş bu məlumatdan görsəndiyi kimi satınalan təşkilatın müəyyən etdiyi ehtimal qiyməti ilə təchizatçının təklif etdiyi qiymətlər arasında kəskin fərq var.
Qeyd edək ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda təchizatçıların satınalmadan kənarlaşdırılması müəyyən edilib. Sözügedən Qanunun 35.1.8. maddəsinə görə təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçı müsabiqədən kənarlaşdırılmaldır.
Amma göründüyü kimi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” açıq tender müsabiqəsində ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə aşağı qiymət təqdim etmiş “Deluxe Electric Azerbaijan” MMC ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərinin pozulması deməkdir.
Qeyd edək ki, Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “DELUXE ELECTRİC AZERBAİJAN” (VÖEN:8303323391) Məhdud Məsuliyyətli Cəmiyyətinin 22.06.2011-ci il tarixdə 6 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 3500.00 manat olan MMC-nin hüquqi ünvanının CƏLİLABAD RAYONU, GÖYTƏPƏ Ş, HƏSƏNABAD, ev 04, m. 0, qanuni təmsilçisi kimi isə Zamanlı Ceyhun Sarvan oğlu qeyd olunub.
Apardığımız ətraflı araşdırmada məlum oldu ki, şirkət “PROJECTS UNITY” Məhdud Məsuliyyətli Cəmiyyəti kimi təsis edilib. Təsisçisi və ilk qanuni təmsilçisi Ehtibarzadə Eldar Ehtibar oğlu olub. 03.11.2024-cü ildən MMC-nin adı dəyişdirilərək “Deluxe Electric Azerbaijan” olub.
Göründüyü kimi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” ilə “Deluxe Electric Azerbaijan” MMC arasında bağlanmış satınalma müqavilələrində satın alınan malların qiyməti Qanunun tələb etdiyi ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə aşağı, 50 faizə yaxındır. Bu da keçirilmiş tender prosedurunda saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaratmaqla bərabər, satın alınan malların mənşə və keyfiyyət sertifikatlarının olmadığına da şübhələr yaradır. Bu da öz növbəsində satın alınacaq malların keyfiyyət göstəricilərinin aşağı olma ehtimalını artırır.
Redaksiya bütün bu göstərilənlərə aydınlıq gətirilməsi məqsədi ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nin Satınalma Komissiyasına və “Deluxe Electric Azerbaijan” MMC-yə ünvanladığı sorğu məktubu cavabsız qaldı.
Göründüyü kimi “Azərsu” ASC-nin çevrilərək “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” olmasına baxmayaraq burada qanunlara əvvəlki kimi yenə də riayyət olunmur. Elektron mediada “Azərsu” ASC-nin satınalmalarda yol verdiyi qanunsuzluqlarla bağlı kifayət qədər təkzib olunmamış məlumatlar, faktlar var. Bu faktlar da onlardan biri.
Buradan Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sual ünvanlamaq istərdik. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nin ehtimal olunan qiymətdən 50 faiz aşağı qiymət təklifi edən “Deluxe Electric Azerbaijan” MMC-ni qalib seçməsinə nə ad vermək olar? Qanunsuzluq, yoxsa…
Buna işbirliyindən başqa heç bir ad vermək olmaz. Buna “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” sözügedən MMC-dən ucuz, keyfiyyəti məlum olmayan mal-materiallar və avadanlıqlar almaqla dövlət vəsaitinə qənaət adı altında pul silmək də demək olar.
Aktualinfo.org