Şarl Mişelə olar, Orbana olmaz?… – Avropa İttifaqı öz sədrini niyə gözümçıxdıya salıb?

 

Macarıstanın Baş naziri Viktor Orban parlament seçkilərinin ertəsi günü Gürcüstana səfər edib. O, “Gürcü Arzusu”-nun qələbəsini tanıyan, Baş nazir İrakli Kobaxidzeni ilk təbrik edən avropalı liderdir.

Xatırladaq ki, Orban altı aylıq müddətə Avropa İttifaqına (Aİ) sədrlik edən ölkənin hazırki lideridir. Aİ-dən dərhal bəyan edildi ki, səfər şəxsi xarakter daşıyır və onun İttifaqın mövqeyi ilə heç bir əlaqəsi yoxdur. Orbanın Rusiyaya, Azərbaycana və s. ölkələrə səfərləri ilə bağlı da Brüssel eyni mövqe nümayiş etdirib. Maraqlıdır, Aİ-a sədrlik edən ölkənin başçısı niyə belə səfərlərdə rəhbərlik etdiyi qurumun təmsilçisi ola bilməz?

Politoloq Fərhad Məmmədov bildirir ki, Orbanla bağlı Avropa ittifaqının bəyanatını Aİ ölkələrinin yalnız 13 xarici işlər naziri imzalayıb: Çexiya, Danimarka, Almaniya, Estoniya, Finlandiya, Fransa, İrlandiya, Litva, Hollandiya, Lüksemburq, Polşa, Portuqaliya və İsveç.

“Yəni Orbanın Rusiyaya, Çinə, ABŞ-a, indi isə Gürcüstana səfəri də Aİ-nin deyil, Macarıstan liderinin şəxsi səfəridir. Aİ-nin mərkəzi qurumları Macarıstan Baş nazirinin səfərlərinə çaşqınlıq və əsəbi reaksiya verir”, – ekspert əlavə edib.

F.Məmmədov Aİ-nin yanaşmasındakı anlaşılmazlıqlarla bağlı suallar ünvanlayır: “Problem buradadır: məmurlar Aİ-ni təmsil edəndə və təmsil etmədikdə prosedur necə müəyyən edilir?! Axı, Aİ-nin mərkəzi institutlarının məntiqinə əməl etsək, o zaman, məsələn, İttifaqa sədrlik edən ölkə və ya komissar rütbəli məmur, Komissiya rəhbəri və Şura sədri xarici səfərləri, verdiyi bəyanatları və ən əsası müxtəlif sənədlərə atdıqları imzaları təşkilatın digər üzvləri ilə razılaşdırmalıdırlar. Aİ-də qərarlar konsensusla qəbul edilir, yəni ölkələrdən biri ona qarşı çıxırsa, o zaman qərar qəbul olunmur. Deməli, Aİ-ə sədrlik edən ölkənin lideri kimi ancaq səfərlər edən, başqa ölkələrin liderləri ilə görüşüb bəyanatlar verən, lakin heç yerdə heç nəyə imza atmayan Viktor Orban nümunəsi var. Bu isə Aİ-nin digər paytaxtlarında və Brüsseldəki “Mərkəzi Komitə”də qıcıq yaradır…”

Politoloq Aİ Şurasının sədri Şarl Mişelin Qranada Bəyanatındakı imzasını yada salır: “O zaman bu imza nə deməkdir?! Mişel Qranada Bəyanatını imzalayarkən Aİ-yə üzv ölkələrdən məsləhətləşib, və ya razılıq alıb?! Aİ Şurası sədrinin səlahiyyətləri ilə bağlı ümumi prosedur necədir və onun imzası Aİ rəsmiləri üçün fəsadlar yaradırmı?! Axı Qranada Bəyannaməsi Aİ rəsmilərinin Azərbaycan və Ermənistanla münasibətlərə yanaşmasında çərçivə yaratdı. Qranada bəyanatı altında Şarl Mişelin imzası nə dərəcədə qanunidir?! Bəyanat Aİ-nin rəsmi saytında dərc edildiyindən və onun başlığında Aİ Şurasının sədri tərəfindən verdilməsi göstərildiyi üçün aktualdır. Belə çıxır ki, Aİ-nin tamhüquqlu üzvü və ona sədrlik edən Macarıstanın Baş naziri Şarl Mişelin Qranadada etdiyi etməsə də, Brüsseldən rədd cavabı alır”.

Fərhad Məmmədov hesab edir ki, bu suallara cavablar Aİ və onun gələcək rəhbərliyi üçün aktualdır: “Xüsusən, onlar ümumilikdə Cənubi Qafqaz regionunda, Azərbaycan və Ermənistan arasında danışıqlarda mövqelərini bərpa etmək istəyirlərlərsə… Çünki Qranada bəyanatı bir tərəfdən Aİ diplomatiyasını çərçivəyə saldı, digər tərəfdən də bu istiqamətdə bütün diplomatik fəaliyyəti alt-üst etdi”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password