Noyabr ayının qeyri-iş günləri açıqlanıb
Noyabr ayı ərzində ardıcıl altı gün qeyri-iş günü olacaq.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, 12 və 13 noyabr iş günləri ilə müvafiq olaraq 16 və 23 noyabr istirahət günlərinin yerləri dəyişdirilib.
Qeyd edək ki, 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü iş günü hesab edilməyən bayram günləridir.
Bu il noyabrın 9-u şənbə gününə təsadüf etdiyi üçün, Əmək Məcəlləsinə uyğun olaraq, növbəti həftənin bazar ertəsi, yəni 11 noyabr qeyri-iş günü olacaq.
Beləliklə, iş və istirahət günlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar ardıcıl altı gün – 8, 9, 10 (bazar günü), 11, 12 və 13 noyabr qeyri-iş günü olacaq.
Eləcə də noyabrın 2-3-ü, 16-17-si, 23-24-ü və 30-u da müvafiq olaraq şənbə və bazar günlərinə təsadüf edir.
Əlavə edək ki, Nazirlər Kabinetinin qərarı ilə ölkəmizdə fəaliyyət göstərən orta məktəblərdə (xüsusi təhsil müəssisələri istisna olmaqla) payız tətilinin vaxtı dəyişib. Sözügedən qərarla ümumi təhsil pilləsi üzrə 2024-cü il noyabrın 12-dən 22-dək payız tətili olacaq.
Orta məktəblərdə tətil ümumilikdə 8 noyabrda başlayacaq və tam 17 gün – 25 noyabra qədər davam edəcək.