Paşinyan “arada qalıb” – Qərbin uduzmasına sevinə bilmir
Gürcüstandakı seçkilərin nəticələri bir sıra ölkələri narahat edir. “Gürcü arzusu” partiyasının böyük fərqlə qələbə qazanması Qərbin planlarına zərbədir. Belə ki, seçkilərin nəticələri fərqli olsaydı, Gürcüstanda Qərbin dəstəklədiyi rəhbər vəzifəli şəxslər ilə birlikdə regionun parçalanması, yeni cəbhə açılması və bölgənin Qərbin müstəmləkəsi halına gəlməsi riski var idi. “Gürcü arzusu” partiyasının qələbəsi ilə risk azalmış oldu.
Azərbaycandan təbrik
Dost ölkədə “Gürcü arzusu” partiyasının seçkilərdə qalib olmasına sevinənlərdən biri də Azərbaycan oldu. Çünki, bu səsvermə vasitəsilə Gürcüstan vətəndaşları inkişafa, sabitliyə və ənənəvi dəyərlərə öz dəstəyini ifadə etdilər. Məlum olduğu kimi, ötən gün Prezident İlham Əliyev “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının qələbəsi münasibətilə Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə məktub ünvanlayıb. Məktubda ölkə başçımız seçkilərin nəticələrinin tarixən dostluq, qardaşlıq və mehriban qonşuluq şəraitində yaşamış xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Gürcüstan dövlətlərarası əlaqələrinin davamlı inkişafına, Cənubi Qafqazda və daha geniş coğrafiyada ölkələrimizin mövqelərinin daha da möhkəmlənməsinə töhfə verəcəyinə inamımı ifadə edib. Gürcüstan xalqına daim əmin-amanlıq və rifah diləyən İlham Əliyev məktubun sonunda Gürcüstanın baş nazir İrakli Kobaxidzeni Azərbaycana rəsmi səfərə dəvət edib.
“Əminəm ki, ölkələrimizin və xalqlarımızın firavanlığı, regionumuzun rifahı və təhlükəsizliyi naminə strateji tərəfdaşlığımızın möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada qarşılıqlı faydalı fəaliyyətimizin müvəffəqiyyətlə davam etdirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik”
Seçkidə azərbaycanlıların rolu
Gürcüstanda təxminən 230-300 min arasında azərbaycanlı yaşayır. Bu, ölkə əhalisinin təxminən 6-7%-ni təşkil edir. Azərbaycanlıların çoxu Kvemo Kartli bölgəsində, xüsusən də Marneuli, Bolnisi və Dmanisi rayonlarında məskunlaşıb. Məlum olduğu kimi, Gürcüstanda yaşayan həmyerlilərimiz seçkilərdə fəallıq nümayiş etdirib. Onlar da Gürcüstandakı digər ənənəvi dəyərlərə bağlı vətəndaşlar kimi, Qərbin regionu parçalamaq və münaqişəyə sürükləmək siyasətinə qarşı çıxdılar. Bu da onu göstərir ki, Azərbaycan və Gürcüstan Ermənistanın regionda apardığı siyasətə qarşı ortaq mövqedən çıxış edir. Bugün Gürcüstan və Azərbaycan birliyi, tarixən də olduğu kimi, hər iki dövlətin gücünü artırır, onların maraqlarını müdafiə etməyə və beynəlxalq səviyyədə ortaq mövqedən çıxış etməyə imkan yaradır. Gürcüstan hakimiyyətinin də bunu nəzərə alaraq azərbaycanlıların problemlərinə daha çox diqqət ayıracağına və onların həlli üçün konkret addımlar atacağına ümid edirik.
Paşinyan sevinə bilmir
Nikol Paşinyanın Gürcüstanda keçirilən seçkilərə münasibəti qərbin mövqeyini əks etdirən baxışlarla uzlaşır və Gürcüstanda qərbyönlü siyasətçilərin mövqelərinin güclənəcəyinə ümid bəslədiyini göstərir. Seçkilərin nəticələri Paşinyanın gözləntilərini doğrultmadığından, Gürcüstan baş naziri İrakli Qaribaşvilini quru və rəsmi bir məktubla təbrik edib. Paşinyanın məktubunda Qaribaşvilini Ermənistana dəvət etməməsi də diqqət çəkir və bu, münasibətlərin yalnız diplomatik məcburiyyət çərçivəsində davam etdiyini göstərir. Ermənistan lideri seçkilərdən fərqli bir nəticə gözləsə də, yaranmış siyasi vəziyyətdə əlacsızlıqla sadə bir təbriklə kifayətlənib. Bu yanaşma Paşinyanın Cənubi Qafqazdakı qərbyönlü siyasətləri dəstəklədiyini göstərir. Gürcüstanın siyasəti Paşinyanın istədiyi tam qərbyönlü mövqedən uzaqdır və bu baş nazirin diplomatik məyusluğunun əsas səbəbi kimi qiymətləndirilə bilər.