Azərbaycanlılar haqda bu “faiz” yalandır – Vasadze

 

Prezident Salome Zurabişvilinin hakim Gürcü Arzusunun qalib gəldiyi son parlament seçkilərinin nəticələrini tanımaqdan imtina etməsi və səsləndirdiyi fikirlər elə Gürcüstan cəmiyyətinin böyük bir hissəsinin mövqeyini əks etdirir. Onlar əmin deyillər ki, nəticələr verilən səslərlə uyğun gəlir.

Bu sözləri gürcü politoloq Gela Vasadze Gürcüstanda keçirilən seçkilərin nəticələrinin birmənalı qəbul olunmamasına münasibət bildirərkən deyib.

Politoloq qeyd edib ki, bəzi bölgələrdə açıqlanan nəticələr reallığı əks etdirmir:

“Əmin deyiləm ki, azərbaycanlıların yaşadığı Kvemo-Kartli bölgəsi Gürcü Arzusu Partiyasına 80 faizdən çox səs verib. Mən oradakı vəziyyəti bilirəm, bu, belə deyil. Həmçinin əminəm ki, ermənilər yaşayan Cavaxetiya əhalisinin 90 faizindən çoxu Gürcü Arzusuna səs verməyib. Amma məsələ heç də bu deyil. Bu pozuntular həmişə olub və ona göz yumulurdu. İndi söhbət istifadə olunan elektron cihazlara etibar etməkdən gedir. Buna görə də bütün bunları yoxlamaq lazımdır”.

Vasadze qeyd edib ki, seçkilərə etiraz edənlər var və mitinqlərin olacağı qaçılmazdır:

“Etiraz mitinqlərinə gəlincə, bəli, olacaq. Onlar artıq elan olunub. Bizim üçün maraqlı deyil, ATƏT, AB və ya başqaları nə deyəcək. Gürcüstanda AB, yaxud ATƏT yaşamır. Ona görə də mütləq etiraz mitinqləri olacaq. Səs verən insanlar və müxalifət yeni seçkilər təyin olunmasına nail olmağa çalışacaq. Yeni seçkilər heç olmasın, ən azı müstəqil monitorinq keçirilsin, sübut etsinlər ki, hər şey ədalətli olub. Lakin indidən deyə bilərəm ki, ədalətli olmayıb. Bu belədir, vəssalam! Gürcü Arzusu ədalətli seçilibsə, əlbəttə, bu halda hakimiyyətdə qala bilər, əks halda getmək məcburiyyətində olacaq. Hər şey bu qədər sadədir”.

Qeyd edək ki, 26 oktyabrda Gürcüstanda keçirilən parlament seçkilərində hakim Gürcü Arzusu Partiyası 53,93 faiz səslə (son məlumata görə) qalib gəlib. Parlamentə düşməyi bacaran 4 müxalif partiyası, o cümlədən Prezident Zurabişvili nəticələri tanımaqdan imtina edib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password