Azərbaycanda internet xidməti niyə baha və keyfiyyətsizdir? – “Daha çox şirkətin ölkəyə internet gətirmək imkanı olmalıdır”
Azərbaycanda mobil operatorların internet xidmətinin baha, keyfiyyətinin isə aşağı olması hazırda aktual müzakirə mövzusudur. Əvvəllər vətəndaşlar 18 manata 40 Mbit/s sürət əldə edə bilirdilərsə, indi 100 Mb/s üçün 25 manat ödəyirlər. Mütəxəssislər hesab edirlər ki, “yüksək sürətlər və yüksək qiymətlər” prinsipi heç bir halda doğru deyil. Çünki Azərbaycanda rəsmi rəqəmlərə görə, əhalinin yarısı kəndlərin payına düşür. Belə olan halda minimal sürətin hər kəs üçün 100Mbit/s edilməsi narazılıq doğurur.
DÜNYA ÖLKƏLƏRİNİN PRAKTİKASINDA QİYMƏTLƏR
Azərbaycandakı mobil internet qiymətlərini xarici ölkələrlə müqayisə etdikdə fantastik fərqi görürük.
RUSİYA
Rusiyada isə 700 rubla, yəni 12 manat 37 qəpiyə rubla limitsiz internet, eyni zamanda danışıq dəqiqələri ala bilirsiniz. Hətta Rusiyada yaşayan azərbaycanlılar deyirlər ki, mənzillərdə sürətli “WiFi” üçün abunə haqqına aylıq 17 manat ödəyirlər. Hətta 8 manata 600 dəqiqə danışıq, 25 GB internet paketi ala bilirlər.
ÖZBƏKİSTAN
Özbəkistanda vətəndaşlar 60 000 suma, yəni 8.25 AZN-ə 22 GB internet, üstə gəl bütün istiqamətlər üzrə limitsiz danışıq ala bilirlər.
QAZAXISTAN
Qazaxıstanda da qiymətlər çox sərfəlidir. 35 AZN-ə limitsiz danışıq, limitsiz internet almaq, üstəlik 5 nəfəri də bu kampaniyaya qoşmaq mümkündür. Həmin kampaniyaya görə, eyni paket üçün hər adam başına 7 AZN düşür.
GÜRCÜSTAN
Gürcüstanda vətəndaşlar 32 lariyə, yəni 17 manata 1 aylıq limitsiz internet, limitsiz danışıq və limitsiz SMS ala bilirlər.
UKRAYNA
Ukraynada 300 Mbit internet sürətinə, təxminən, 8 dollar ödəyirlər. Bu isə bizim pulla 13 manat 60 qəpik edir. Bu ölkədə 100 Mbitin qiyməti isə 5 dollar, yəni 8 manat 50 qəpikdir…
ABŞ
ABŞ-də 40 dollara limitsiz danışıq, limitsiz SMS və 50 Mbayt interneti sərfəli şəkildə istifadə etmək mümkündür.
FRANSA
Fransada 15 avroya 120 GB-dir.
POLŞA
Polşada 1 avroya limitsiz danışıqla bərabər 200 GB internet ala bilirlər…
İnformasiya təhülkəsizliyi üzrə mühəndis Xədicə Tağızadə (Bürcəliyeva) Pravda.az-a açıqlamasında səyahət üçün getdiyi ölkələrdəki qiymətləri belə müqayisələndirib:
“Yaxın tarixdə Monteneqroya getdim. İnternet xidməti çox yaxşı idi. Hava limanında tursitlərin internetdən istifadə edə bilmələri üçün nömrələr satırlar. Təsəvvür edin, 15 günlükdür, üstəlik 500 Giqabayt, qiyməti də 15 avro. Bizim pulla, təxminən, 29 manat edir. 500 Giqabayt çox böyük rəqəmdir. Bizdəki heç bir provayder bu interneti vermir. Nə “Azercell”, nə “Bakcell”, nə də digərləri. Maksimum 50 GB verirlər, o da böyük məbləğə. Monteneqroda bu cür xidmət təkcə turistlər üçün deyil. Öz vətəndaşları üçün də internet sürəti çox yüksəkdir. Paket böyük, qiyməti isə sərfəli olur”.
Mütəxəssis bildirib ki, Azərbaycanın rominq xidmətləri çox baha olduğu üçün xarici ölkələrə gedəndə rominqdən istifadə etmir: “Məsələn, “Azercell”də cəmi 1 Giqabaytı 19 manat 90 qəpiyə alırsan. Görün arada nə qədər fərq var. “Azercell”in “Supersen” xidmətindən istifadə edirəm. Təxminən, 10 Giqabayta 13 manat 50 qəpik ödəyirəm. Bu, çox az rəqəmdir. “WiFi” da işlədirik, amma internetə ödədiyimiz pulun qarşılığında çox az keyfiyyətli internet alırıq. Əlbəttə, o demək deyil ki, bizim texnologiyamız inkişaf etməyib, bizdə yüksək sürətli internet ola bilməz. Xeyr. Sadəcə, təəssüf ki, ölkəmizdə bu cür xidmətlər bahadır. Xarici ölkələrlə müqayisədə fərq olduğunu bilirdim, amma səyahət etdikcə nə qədər ciddi fərq olduğunu gördüm. Biz niyə internetə bu qədər çox pul ödəməliyik? Məsələn, tələbələr internetdən çox istifadə edirlər və daha çox pul ödəməli olurlar. Bir sözlə, məsələ bizdəki bazar iqtisadiyyatıdır. İnterneti baha qiymətə satırlar, halbuki texnologiyamız heç də onlardan geri qalmır”.
İnformasiya Texnologiyaları üzrə mütəxəssis Fərid Əmirov isə düşünür ki, internet qiymətləri ölkənin inkişaf etmə imkanlarına görə dəyərləndirilir:
“Dünyanın daha çox inkişaf etmiş ölkələrində simsiz “Starlink” işləyir. Ölkənin ən ucqar nöqtələrinə belə peyk vasitəsilə internet verir. Bəzi ölkələrdə isə internet, ümumiyyətlə, çox zəif inkişaf edib. Məsələn, Afrika ölkələrində hətta bizim 1990-cı illərin sonu 2000-ci illərin əvvəllərində gördüyümüz interneti indi əldə ediblər. Bu, bir az çətindir. Amma yaşayış standartları bizimlə eyni səviyyədə olan ölkələrdə internet qiymətləri ortalama eyni qiymətdir. Hətta bizim ölkəmiz texnologiyaların tətbiqi sahəsində daha öndədir. Düzdür, Avropa ilə müqayisədə biz daha geridəyik, amma nəzərə alaq ki, Avropada uzun müddətdir, İT sahəsi inkişaf edib, müharibə yoxdur, sülh şəraitində yaşayırlar, Avropa ölkələri güclü ölkələrlə əhatə olunublar. Məsələn, post-sovet ölkələrini müqayisə etsək, Polşa, Estoniya, Çexiya kimi ölkələrdə nisbətən ucuzdur, sürət isə yuxarıdır. İT sahəsində də daha sürətli inkişaf edirlər. Azərbaycan isə son bir neçə ildə bu istiqamətdə addımlar atmağa başlayıb. Ölkədə son dövlər münbit şərait yaranıb ki, İT sahəsində inkişaf edə bilsin. Müharibədə qalib olduq. Bu, birinci şərtdir. Azərbaycanda müharibə səbəbindən, xüsusən, İT sahəsində bir çox böyük layihələrə maliyyə yatırımları edilmirdi. Bu kimi səbəblərə görə inkişaf Azərbaycanda son dövrlər gedir. Hətta dövlət bununla bağlı xüsusi qərarlar qəbul edib. Məsələn, İT sahəsində çalışan şirkətlərə vergilərdə müəyyən güzəştlər olunub. Sonuncu qərar isə İKT-nin inkişafında böyük rol oynayacaq. İT sahəsində oxuyan tələbələrin müəyyən hissəsi əsgərliyə xüsusi imtiyazlarla qatılacaqlar. Bu da İT sahəsinin inkişafına səbəb olacaq. Məsələn, Avropa Oyunları o vaxta qədər Azərbaycanın etdiyi ən böyük layihə idi. Hətta deyərdim ki, bu günə qədər həyata keçirilən ən böyük layihədir. “Formula 1” kimi dünyada İKT sahəsində tanınan bir çox layihə saymaq olar ki, dövlət bu sahənin inkişafı üçün əlindən gələni edir. Sadəcə, hər bir inkişaf müəyyən qədər zaman alır və müəyyən mərhələlərdən keçmək məcburiyyətindədir. Biz hazırda keçid dövründəyik. İnternet qiymətlər isə dünya bazarı ilə müqayisədə bizdə bir az baha, yaxud texniki keyfiyyət inkişaf etmiş ölkələrlə müqayisədə daha zəif ola bilər. Bu isə qısa müddətə həll olunası şeydir. Nəzərə alsaq ki, 2015-ci illə hazırkı ili müqayisə etsək, nə qədər inkişaf etdiyimizi görərik. Əslində internet sahəsindəki problem provayder şirkətlərin rəqabətsizliklərindən də irəli gəlir. Azərbaycan provayderlər üçün müştəri ehtiyatı baxımından kiçik bazar sayılır. Bir ərazidə iki provayder işləsə, üçüncüsü artıq həmin əraziyə girə bilmir, çünki kifayət qədər müştəri yoxdur. Bu, müvəqqəti haldır, çünki bir müddət sonra texnoloji tələblər artır. Məsələn, indi bütün provayderlərdə mütləq şəkildə monitorinq sistemləri olmalıdır. Əvvəllər, bəlkə də, belə bir tələb məcburi deyildi. İndi isə məcburidir. Bir müddət sonra insanların şikayətləri bitəcək”.
Mütəxəssis bildirib ki, Azərbaycandan daha yaxşı xidmət edən Avropa ölkələri nümunələri var: “Lakin onlar artıq neçə ildir, sərbəst, müstəqil inkişaf etməkdədirlər. Biz isə son bir neçə ildə bu sahədə müəyyən imkanlar qazanmışıq. Xüsusən, müharibədə qalib olmağımız İT sahəsində yeni yollar, qapılar açdı. Hazırda ölkəmizdə internetin pis vəziyyətdə olmadığını düşünürəm. Daha da yaxşıya doğru dəyişməyə məcburuq. Çünki rəqəmsallaşmağa doğru gedirik. Rəqəmsallaşmaq isə mütləq şəkildə internetin surətinin yuxarı olmasını tələb edir. Bu gün qəbul edilən hər hansı qiymət dəyişikliyi bizə mənfi hal kimi görünə bilər, amma ümumi inkişafda daha yaxşı nəticələr verəcək addımdır. Vətəndaşların infrastukturdan anlayışlı, İT sahəsində bilikli olmaları vacib məsələdir. Çünki seçim etdikləri zaman aldıqları internet avadanlıqları, iş keyfiyyətini bilməmələri mənfi hallar yaradır. Məsələn, vətəndaş bazarın ən keyfiyyətsiz məhsulunu alır. Sonra da şikayət etməyə başlayır ki, mənim internetim zəifdir. Halbuki provayderin göndərdiyi xətt deyil, öz quraşdırdığı avadanlıq keyfiyyətsizdir. Stabil ötürmə, qoşulma verə bilmir, tez-tez yüklənir, sıradan çıxır. Provayderlər isə mütləq inkişafa getməlidirlər”.
BELƏ GÖRÜNTÜ YARADILIR Kİ, ÇOXLU SAYDA PROVAYDER VARSA, DEMƏLİ, İNHİSARSIÇILIQ MEYİLLƏRİ OLA BİLMƏZ
İqtisadçı-ekspert Natiq Cəfərli ölkədə internet sahəsində olan problemi belə şərh edib:
“Azərbaycanda internet qiymətlərinin bahalığı, eyni zamanda keyfiyyəti ilə bağlı problemlərin olmasının əsas səbəbi budur ki, ölkədə internet bir mənbədən alınıb, paylanılır. Bir inhisarçı şirkət var, interneti ölkəyə o gətirir, provayderlərə də o paylayır. Belə bir görüntü yaradır ki, çoxlu sayda provayder varsa, deməli, inhisarsıçılıq meyilləri ola bilməz. Bu, yanlış təsəvvürdür. Nəticə etibarilə, bütün provayderlər eyni mənbədən internet alırlarsa, ilkin mənbədə qiymət artan kimi provayderlər də məcbur olub qiymət artırırlar. Başqa cür davrana da bilməzlər, çünki onlar da internet istifadəçisidirlər. Obrazlı desək, onlar interneti topdansatış qiyməti ilə alıb, bizə pərakəndə satışla təqdim edirlər. Ən böyük problem budur”.
N.Cəfərli deyib ki, dünya ölkələrinin praktikasında internet qiymətləri müxtəlifdir: “İnternet qiyməti bizdən baha olan ölkələr də var, bizdən çox ucuz olan ölkələr də. Qiymətdən əlavə, daha çox keyfiyyət də önəmlidir. İstənilən qiymət siyasəti keyfiyyətə hesablanmalıdır. Qiymət artırsa, vətəndaşın haqqıdır ki, keyfiyyətli internetdən istifadə etsin. Bizdə isə əsas problem budur ki, qiymət artır, amma keyfiyyətlə bağlı hansısa ciddi dəyişikliklər olmur. Bu da insanlarda daha çox narazılıq, narahatlıq yaradır. Buna görə də əsas məsələ ölkədə internetin topdansatış şirkətlərinin sayının artması olmalıdır. Yəni daha çox şirkətin ölkəyə internet gətirmək imkanı olmalıdır ki, provayderlərdə seçim edə bilsinlər. İstənilən başqa şirkətlərdən seçim edərək internet alıb, vətəndaşlara çatdıra bilsinlər. Bu problem həll olunmayana qədər qiymət və keyfiyyətlə bağlı problemlər də həll olunmayacaq”./pravda.az