PKK Ankaradakı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb

 

Türkiyədə qadağan edilmiş və terrorçu təşkilat kimi tanınan PKK oktyabrın 23-də Ankarada törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

Bu barədə “Sözcü” telekanalı PKK-nın bəyanatına istinadən məlumat yayıb.

Məlumata görə, hücumu PKK-nın döyüş qanadı hesab edilən “ölümsüzlər batalyonu”nun döyüşçüləri həyata keçiriblər. Bildirilib ki, terror aktı uzun müddət planlaşdırılıb və Türkiyədəki daxili siyasi hadisələrlə, o cümlədən hakimiyyətin kürd məsələsinin həlli təşəbbüsləri ilə əlaqəli deyil.

Oktyabrın 23-də Ankarada terrorçular TUSAŞ aerokosmik korporasiyasının müəssisələrindən birinə hücum ediblər. Nəticədə 5 nəfər həlak olub, 22 nəfər xəsarət alıb. İki hücumçu məhv edilib. Xüsusi xidmət orqanlarının müəyyən etdiyinə görə, hücum edənlər PKK döyüşçüləri olublar. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə axşamı İstanbulda təhlükəsizlik məsələləri üzrə müşavirə keçirib və nəticədə respublika hakimiyyətinin ölkə daxilində və xaricində terrorizmə qarşı qətiyyətli mübarizəni davam etdirəcəyi bəyan olunub.

Qeyd edək ki, Türkiyə ilə PKK arasında münaqişə 1984-cü ildən davam edir. Türkiyə hakimiyyəti bu terror təşkilatını milli təhlükəsizliyə təhdid hesab edir və mütəmadi olaraq ölkədə onun tərəfdarlarına qarşı reydlər və İraqın və Suriyanın şimalında sərhədyanı əməliyyatlar keçirir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password