Kamera qarşısından əl-ələ keçibmişlər – Xain planın sirri açıldı
Türkiyənin paytaxtında terror törədənlər diqqət çəkməmək üçün Ankarada bütün kameraların önündən qucaqlaşaraq keçiblər, sanki bunlar sevgilidirlər.
Terrorçular PKK-nın dağ dəstəsindən olub. Onların “Rojger” kod adlı Əli Örek və Mine Sevjin Alçiçek olduğu müəyyən edilib. Özü də Türkiyəyə qeyri-qanuni yollarla daxil olublar.
DNT analizi və üz tanıma prosesi əsasında adı çəkilən terrorçuların kimliyi müəyyən olunub. İzmir əsilli terrorçu Alçiçekin 2014-2015-ci illərdə Hakkaridə qaldığı, HDP-nin bölgə həmsədri vəzifəsində çalışdığı, 2015-ci ildə isə terror təşkilatına qoşulduğu öyrənilib. Alçiçek haqqında həbs qərarı çoxdan var idi.
Şırnakın İdil rayonunda qeydiyyatda olan Əli Örek haqqında “terror təşkilatına üzv olmaq, dövlətin birliyini və bütövlüyünü pozmaq” maddəsi ilə 2016-cı ildə həbs qərarı çıxarıldığı öyrənilib.
Adı çəkilən terrorçular Kahramankazana çatanda diqqəti cəlb etməmək üçün əl-ələ tutaraq özlərini sevgili kimi göstəriblər. Terrorçular əvvəlcə kafeyə giriblər. Məlumata görə, əvvəlcə qadın terrorçu müştəri kimi taksiyə minərək qabaq oturacaqda əyləşib, daha sonra isə yolda kişi terrorçunu götürüblər. Şəhər mərkəzindən ayrıldıqdan sonra taksi sürücüsü Murat Arslanın kişi terrorçu tərəfindən boynundan vurularaq maşının baqajına qoyulduğu öyrənilib.
Məkan yerində terrorçuların mühafizəçilərlə qarşıdurması olub. Qarşıdurmalar şiddətlənərkən qadın terrorçu özünü partladıb. Digər terrorçu isə qarşıdurma zamanı öldürülüb. Terrorçuların hücuma sursat arsenalı ilə gəldiyi müəyyən edilib./lent.az