Birləşmiş bələdiyyələr və nağdsız vergi yığımı praktikada nəyi dəyişəcək?
Xəbər verildiyi kimi, yerli özünüidarəetmə orqanı olan bələdiyyələr birləşdirildi. Nəticə etibarilə bələdiyyələrin sayı azalmış oldu. Müstəqillik dövründən sonra bələdiyyələr haqqında bir neçə qanun qüvvəyə minsə də, bələdiyyələrin sayının azaldılması ölkə praktikası üçün bir ilkdir. Bələdiyyələrin birləşdirilməsindən sonra nağdsız ödəniş məsələsi də aktuallaşdı.
Azərbaycanda bələdiyyələrə ödənilən xidmət haqları və digər yığımlar üzrə hesablaşmalar da nağdsız qaydada həyata keçiriləcək. Yəni qanunun 3.4.1-ci maddəsinə əsasən, vergilərin yığımı nağdsız qaydada həyata keçirilir. Bu müddəa bələdiyyə vergilərinə də şamil olunacaq.
Qanunda bildirilir ki, bələdiyyə büdcəsinin formalaşmasının və icrasının elektronlaşdırılması, elektron ödəniş üsullarından istifadə etməklə nağdsız qaydada həyata keçirilməsi şəffaflığın təmin olunması prosesinə yol açacaq.
Deputat Vüqar Bayramov mövzu ilə bağlı açıqlamasında bildirib ki, son dəyişikliklərdə əsas məqsəd bələdiyyələrin maliyyə imkanlarını gücləndirməkdir.
“Yəni daha effektiv fəaliyyət göstərməkdən ibarət olması planlaşdırılıb. Bələdiyyələrin birləşdirilməsi həm idarəetmə baxımından, həm də cəlb olunan maliyyə baxımından vacib idi. Bu birləşmədən sonra maliyyə dayanıqlılığı formalaşacaq. İmkan yaranacaq ki, büdcədənkənar maliyyə cəlb edilsin.
Şəffaf fəaliyyət də çox önəmlidir. Ödənişlərin nağdsız qaydada həyata keçirilməsi şəffaflıq üçün düşünülən addımdır. Bələdiyyələrin maliyyə vəziyyəti güclənəcək, daha hesabatlı olacaq. Yerli idarəetmədə rolu daha da artacaq. Xüsusən iqtisadi və sosial məsələlərdə bələdiyyələrin fəaliyyəti daha aktiv olacaq”.
Qeyd edək ki, yaxın günlərdə Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri Fərid Əliyev Milli Məclisin Regional məsələlər komitəsinin iclasında bildirib ki, Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 1 100-dək bələdiyyənin 8 milyon manata yaxın borcu var. Dövlət rəsmisi bələdiyyə borclarının silinməsi məsələsini də aktual saymır. O hesab edir ki, borcların silinməsi bələdiyyələrdə arxayınlıq yarada bilər.
Xatırladaq ki, bələdiyyə büdcəsinin gəlirləri və xərcləri bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində əks olunacaq. Bu da bələdiyyələrin formalaşmış büdcə hesabının səmərəli istifadəsinə təsir etmiş olacaq.