Abutalıbovun “tikdiyi” Bakı… – Su altında qalmağa məhkumdur
Çox yox, bir gün yarım davam edən yağış paytaxt Bakını iflic vəziyyətə salıb.
Şəhərdəki vəziyyət və xəbərlər sanki müharibə, yaxud böyük bir təbii fəlakət xronikasını xatırladır – “Sabunçuda iki nəfər suda batıb”, “Yasamalda yaşayış evində uçqun olub”, “Mərkəzi Heydər Əliyev prospekti bağlanıb”, “Sabunçuda tunel su altında qalıb, xilasedicilər hadisə yerinə cəlb olunub”, “8 Noyabr prospektinin bəzi hissələri su altında qalıb”, “Zığda yaşayış evlərində kanalizasiya olmadığından sel suları küçələri və yolları basıb” və sair. Niyə? Çünki cəmi gün yarım yağış yağıb…
Əslində, paytaxtda yaranan bu vəziyyət şəhərin 2000-ci illərin əvvəllərindən başlayan tikintisinin və sonrakı təsərrüfat idarəçiliyinin acı nəticəsidir. Bugünkü biabırçı mənzərədə xüsusilə də Bakını öz ağlına uyğun şəkildə “tikən”, idarə edən, nə kanalizasiya, drenaj, nə də təsərrüfat infrastrukturunu vecinə almadan şəhəri qarış-qarış “novostroyka biznesmenləri”nə satan başabəla mer Hacıbala Abutalıbovun və onun özbaşınalıqlarına səsini çıxarmayanların xüsusi “xidmətləri” var. Onun “tikdiyi” şəhərin vəziyyəti başqa cür ola da bilməzdi. Hazırda ilin böyük hissəsini Qaxdakı villasında keçirdiyi deyilən Abutalıbov yəqin ki, indi Bakıdakı vəziyyətə baxıb heç bir xəcalət hissi-filan keçirmir…
Zamanında mütəxəssislər, ictimai fəallar və s. dəfələrlə Abutalıbovun ixtiyarına verilən Bakını bu gedişlə qarşıda böyük sıxlıq və bundan irəli gələn ciddi fəsadlar gözlədiyi barədə xəbərdarlıqlar etsələr də, buna məhəl qoyan olmadı. Bu da nəticəsi…
İndi milyonlarla dövlət vəsaitinin “silindiyi” və hazırda su altında qalan bu tunellərə görə kimsə cavabdehlik daşıyırmı? Bunları kim layihələndirib, kim tikib, necə tikib ki, yağan yağış heç yerə axmır? Təəssüf ki, bəzi məlumatlara görə, hətta bu yolları və tunelləri tikənlər hazırda Qarabağda gedən tikintilərdə də böyük pay sahibi kimi iştirak etməkdədirlər…
Qarşıdan noyabr ayı və həmin ayda keçiriləcək COP29 gəlir. Görəsən, on minlərlə, bəlkə də daha çox xarici qonağın qatılacağı və iki həftə davam edəcək tədbir günlərində də bu cür yağışlar olsa, bizi nələr, hansı biabırçılıqlar gözləyir? Həmin vaxt bugünkü vəziyyətin yaranmaması üçün az qala şəhərin yarısı sökülüb təzədən tikilməlidir ki, bu da mümkünsüzdür. Deməli, ümid qalır yalnız Allahın lütfünə və ona yalvarmağa!/azpolitika.info