Gülən öldü, FETÖ necə olacaq?
Fətullah Gülənin ölümü FETÖ-nün yoxa çıxması, yaxud tamamilə zəifləməsi demək deyil. Bu qədər geniş şəbəkələşmiş, müxtəlif ölkələrin siyasi idarəçiliyinə qədər sızmış, milyardlarla dollar dövriyyəsi olan bir təşkilat geosiyasi proseslərdə rıçaq olaraq istifadə edilir. Bu baxımdan, Gülən ölsə də, FETÖ mövcudluğunu davam etdirəcək. FETÖ-nün ortaya çıxması prosesi və hədəflərinə nəzərə saldıqda da, bu nəticəyə gəlmək olur.
Türkiyədə Gülən camaatı olaraq fəaliyyət başlayan bu şəbəkə 1969-cu ildə yaradılıb. Həmin vaxt artıq Türkiyədə ilk hərbi çevriliş edilmiş (1960-cı ilin 27 may tarixi), “çevriliş ssenariləri”nin təməli atılmışdı.
Camaatın rəhbəri Fətullah Gülən Türkiyədə sürətlə təşkilatlanma apardıqdan sonra müalicə adı ilə ABŞ-a getdi və geri qayıtmadı. Pensilvaniyada mənzillənən Gülənin “uğur hekayəsi” bundan sonra başlayır: Roma Papası səviyyəsində qəbul olunur, dünya dinlərarası dialoqunda önəmli şəxslərdən olur, siyasətə təsir imkanları böyüyür, dünyanın 160 ölkəsində təşkilatlanır, əlində yetərincə qədər maliyyə imkanları toplayır və s;
Faktlar təsdiq edir ki, FETÖ-nün qısa müddətdə bu qədər genişlənməsi və güclənməsi, Gülənin “dini lider” kimi məşhurlaşması ABŞ-ın birbaşa dəstəyi ilə mümkün oldu. Lakin maraqlı idi, Türkiyədə hərbi çevrilişlər etmək imkanı olan ABŞ nə üçün “dini lider” planına da yatırım edir, Gülən şəbəkəsini bəsləyirdi? Bunun cavabını 100 il öncənin tarixində – Osmanlının dağılmasından sonrakı proseslərdə axtarmaq lazımdır.
Osmanlının dağıntıları üzərində qurulan Türkiyə Cümhuriyyətinin önünə qoyulan əsas tələblərdən biri də imperiyanın mirasından imtina etmək idi, cümhuriyyətin rəhbərləri də həmin dövrün şərtlərinə uyğun olaraq ölkəni qorumaq məqsədilə bunu edirdi də. Əslində 1960-cı ildə hərbi çevrilişin və Menderesi dar ağacına aparan səbəblərdən biri də məhz Osmanlının mirası – İslam dininə yanaşma idi. Menderes o dövrdə Türkiyədə ən çox mübahisə mövzusu olan azanın ərəbcə, yoxsa türkcə səsləndirilməsi məsələsində ərəbcəni dəstəkləmişdi. Bu, dini mövzu kimi görünsə də, o qədər də bəsit deyildi. Çünki Osmanlı imperiyası İslam dünyasına hökm edirdi və onun dağılmasından sonra Türkiyənin İslam dünyası ilə istənilən əlaqəsi süngü ilə qarşılanırdı. Ərəbcə azan da bu körpülərdən biri olaraq qəbul olunurdu. 100 il sonra – bu gün Qərbin Türkiyəyə qarşı çıxmasının səbəblərindən biri də məhz budur: Ərdoğan Osmanlı mirasına sahib çıxır, İslam coğrafiyası ilə yaxınlaşır, Türkiyəni bu coğrafiyada gücə çevirir;
1960-cı il hərbi çevrilişindən sonra Güləni bəsləməyə başlayan və “dini lider” ssenarisini hazırlayanlar anlayırdı ki, Türkiyəni İslamdan uzaqlaşdırmaq mümkün olmayacaq, hətta bunun üçün on illər boyu missionerlik fəaliyyətini dövriyyəyə salsalar da. Bu baxımdan, Türkiyə üçün Qərbin əlində olan “İslami güc” hazırlamaq, bu gücü iqtidara gətirmək və idarəolunan Türkiyə yaratmaq lazım idi. Fətullah Gülən də hədəfə gedən yolda Türkiyə üçün Qərbin əlində olan “dini güc” rolunu oynayır. 2016-cı il 15 iyul çevrilişi baş tutsaydı Gülən Türkiyəyə Xomeyninin İrana gəldiyi kimi gələcək və yeni model yaradılacaqdı. Bu model Qərbin Şərqə doğru siyasi ekspedisiyasında aparıcı gücə çevriləcək, müstəqil siyasi xətti seçən Türkiyə yenidən Qərbin siyasi xəttinə qaytarılacaqdı.
Bu, həm də İslam coğrafiyasını FETÖ-nün iqtidarda olduğu Türkiyə vasitəsilə idarə olunmasına hesablanmış plan idi: Türkiyə ətrafında cəmləşən İslam coğrafiyası Qərbin bayrağı altına keçəcək, bununla İran və Səudiyyə kimi İslam aləmində bayraqdar olmaq istəyən güclərə alternativ tərəf də formalaşdırılacaqdı və Türk dünyası da bu yolla tam nəzarətə götürüləcəkdi;
Proseslərə tarixi və günümüzün siyasi reallıqları fonunda baxdıqda FETÖ-nün ABŞ-ın əlində həm Türkiyə, həm də daha geniş coğrafiyada istifadə etmək üçün maşa olduğu aydın görünür. FETÖ-nün geniş coğrafiyada şəbəkələşməsi də bu plandan qaynaqlanır və bu geniş şəbəkə artıq təkcə Türkiyə üçün yox, İslam coğrafiyası və Türk dünyasında siyasi planlar quran güc mərkəzləri tərəfindən istifadə edilir.
2016-cı il 15 iyul çevriliş cəhdi Ərdoğanın Türkiyəni Qərbin təsir dairəsindən çıxarmaq və müstəqil gücə çevirmək siyasi xəttinə qarşı atılan addım idi. Bununla həm də Ərdoğanın hakimiyyətə gəlişindən sonra Qərbin Türkiyədə dalana dirənmiş “hərbi çevriliş” metodunu yenidən aktivləşdirmək istəyirdilər. Lakin çevriliş cəhdinin baş tutmaması bütün planları pozduğu kimi, FETÖ-nün fəaliyyət mexanizmində korrektlər etməsinə də səbəb oldu. Dövlət sektorunda ciddi şəkildə zəifləyən FETÖ-nün fəaliyyət mexanizmində etdiyi korrektlərdən biri məhz siyasi müxalifətə sızmaq, hədəfdə olan ölkələrdə hakimiyyəti bu yolla ələ almaqdır.
Türkiyə Baş Polis İdarəsinin 2017-ci il hesabatında qeyd olunur ki, 15 iyul çevriliş cəhdi uğursuzluğa düçar olanda sonra Fətullah Gülən şəbəkənin rəhbər şəxslərinə xaricə qaçmaları, dövlət orqanlarına sızmış üzvlərinə isə “hücrələrə” çəkilməsi təlimatını verib.
“FETÖ-nün qurulduğu 1970-ci illərdən xaricdə genişlənməsinə qədərki dövr “birinci mərhələ” – “iman” adlanır, 1993-cü ildən 2013-cü ilə – 17-25 dekabr hadisələrinə qədərki dövr “ikinci mərhələ” – “həyat” adlanır. 17-25 dekabr hadisələrindən sonrakı dövr “üçüncü mərhələ”nin başlanğıcı idi, lakin 15 iyul çevriliş cəhdi baş tutmayandan sonra bu mərhələ dayandı. Əgər çevriliş uğurlu olsaydı “şəriət və ya fəth” adlandırılan üçünçü mərhələyə keçiləcəkdi. 15 iyul çevriliş cəhdi “üçüncü mərhələyə” keçid üçün yoxlama gedişi idi. Bu o deməkdir ki, FETÖ yox olana və ya məqsədinə çatana, yəni dövləti tam ələ keçirənə qədər davam edəcək”, – hesabatda bildirilir.
Gülən öldü, FETÖ yaşayır və hələ də təhlükə yaradır.
Asif Nərimanlı