“Yaxın Şərqdəki müharibələr Cənubi Qafqazda…” – Hakan Fidan
Türkiyə xarici işlər naziri Hakan Fidan Cənubi Qafqaz Regional Əməkdaşlıq Platformasının 3-cü toplantısının açılış nitqində regional dialoq və əməkdaşlığa diqqət çəkib.
Nazir çıxışında iclasda iştirak etməyən Gürcüstana təkrar qatılma çağırışı edib.
“Bu mexanizmin yaradılması ideyası İkinci Qarabağ Müharibəsində atəşkəsi təmin edən 10 noyabr üçtərəfli bəyanatının imzalanmasından sonrakı həftələrdə formalaşdı. Onun əsas məqsədi Cənubi Qafqazla sıx bağlı olan bütün məsələlərin müzakirə olunacağı platforma ehtiyacına cavab verməkdir. Platformanın adı 3+3 olsa da, təəssüf ki, zalda bir iştirakçımız çatışmır. Yaxın qonşumuz və dostumuz Gürcüstanın yeri daimidir və istədiyi vaxt bu platformaya qoşula bilər.
Yaxın coğrafiyamızda yaşadığımız təlatümlü proseslər və müharibələr, İsrailin Yaxın Şərqdəki humanitar fəlakət və zülm silsiləsi regional səviyyədə dialoq və əməkdaşlığın vacibliyini bir daha ortaya qoyur.
Cənubi Qafqaza baxışımızın təməlində də rgional sahiblənmə anlayışı dayanır. Biz inanırıq ki, regional problemləri ən yaxşı o regionun dövlətləri bilir və onlar həll edə bilər. Əslində, bu baxışın təzahürü kimi toplantının sonunda görüşümüzün əsas yekunlarına dair birgə bəyannamənin qəbulunu gözləyirik”, – Hakan Fidan bildirib.
Regional platformanın İstanbulda keçirilən iclasına Azərbaycan, Türkiyə, Rusiya, Ermənistan və İran xarici işlər nazirləri qatılıb.