“Onlar Ukraynanı ələ salırlar” – “Ukrayna böyük dövlətlərin qurbanı olacaq”
“Rusiya ilə sülhü Ukrayna və ABŞ bağlayacaq və mən, biz “Münhen razılaşması”nın qurbanı olduğumuz kimi, Ukraynanın da qurbana çevriləcəyindən qorxuram. Bu, mənim fikrimdir”.
Xarici KİV-lər xəbər verir ki, bunu Slovakiya Baş naziri Robert Fitso deputatlar qarşısında çıxışı zamanı deyib.
Xatırladaq ki, 1938-ci ildə imzalanan “Münhen razılaşması” Çexoslovakiya ərazilərinin Hitler Almaniyasına verilməsilə nəticələnmişdi.
Fitso qeyd edib ki, Ukrayna da öz ərazilərindən vaz keçməyə məcbur ediləcək: “Bu çox ağrılı olacaq və mənə maraqlıdır ki, hər iki tərəfdən yüzminlərlə insanı qurban verməkdə məqsəd nə idi? Siz həqiqətən düşünürsünüz ki, ruslar Krımı və Luqanskı geri qaytarmağa razı olacaqlar? Ukraynanın böyük dövlətlərin qurbanına çevrilmə ehtimalı yüksəkdir. Belə də olacaq. Mən çox təəssüf edirəm, amma onlar hələ ki, Ukraynanı ələ salırlar və son ukraynalı əsgərə qədər döyüşürlər”. /azpolitika.info