Gərginlik böyüyür – “İsrailin planında Türkiyə də var”
İsrailin Qəzza (Fələstin) və Livandan sonra növbəti hədəfi Suriyadır.
Bu barədə Türkiyənin “Haber7” portalının təhlilində deyilir.
Analizdə Yaxın Şərqdə genişlənmək istəyən İsrailin hədəflərinin Fələstin, Suriya və Livanla da məhdudlaşmadığı, bəzi digər regional ölkələrin də planlarına daxil olduğu iddia edilir:
“Eyni vaxtda Qəzzada HƏMAS, Livanda “Hizbullah”la savaşan İsrailin Suriyada yeni cəbhə açmağa gücü çatmır. İsrail rəsmiləri də bildirirlər ki, ABŞ dəstəyini geri çəksə, çıxılmaz vəziyyətə düşəcəklər. Amma Suriyada “Hizbullah”a qarşı yeni cəbhə açmaq planı İsrailə bir daşla bir neçə quş vurmağa da imkan verə bilər.
Əsas məsələ Suriyadakı balans və Amerikanın oyuna qarışıb-qarışmayacağıdır. Ötən ilin oktyabrından ABŞ İsrailə həm silah verir, həm də baş verənlərə görə qəzəbli olan beynəlxalq ictimaiyyəti sakitləşdirməyə çalışır. Bu durum davam edir.
İsrail bütün region ölkələri ilə döyüşmək və Amerikanı da öz yanında görmək istəyir: təkcə silah dəstəyi yox, ordusu ilə.
Vəziyyəti aydınlaşdırmaq üçün Suriyadakı duruma baxmaq lazımdır. Yerdə 2015-ci ildən bəri bölgədə olan, İsrailin Dəməşqə hücumlarına səssiz qalan, ancaq öz bazalarının yerləşdiyi bölgələrə təhlükə hiss edəndə hərəkətə keçən Rusiya reallığı var. Ruslar nə Suriyanın müharibəyə girməsinə, nə də İsrailin buradakı mövcudluğuna razı olarlar. Çünki regionda illər ərzində əldə etdikləri qazancları qlobal rəqibləri Amerikanın qucağına atmaq istəmirlər. Bu səbəbdən Suriyadakı İsrail təhdidi Rusiyanın İsraillə üz-üzə qalması deməkdir.
Qarşısında Rusiyanı görən İsrail buna görə ondan daha güclü olan Amerikanı tərəfində görmək istəyir. Bu, Amerikanı bu gün girməkdən çəkindiyi savaşa girməyə məcbur edə bilər.
Bütün bu ssenarilər böyük müharibə ərəfəsində olduğumuzdan xəbər verir. ABŞ, Rusiya, İran və Çin bu müharibəyə hazır olmadıqlarını düşünürlər. İsrail isə bunu istəyir. Qarşıdan (noyabrın 5-də) gələn Amerika seçkiləri bizə yerdəki imkanlar haqqında mühüm ipucu verəcək”.
“Haber7” İsrail maliyyə naziri Bezalel Smotriçin bir neçə gün əvvəl səsləndirdiyi “Sərhədlərimiz Dəməşqə qədər uzanacaq” fikrinə də yer verib. Smotriç bu səpkidə “Böyük İsrail”in xəritəsini də təqdim etmişdi. Xəritədə “Böyük İsrail”in sərhədləri Nil çayından Türkiyəyə qədər uzanır. Yəni Türkiyə bura daxil edilməyib.
“Haber7” isə iddia edir ki, İsrailin hədəflərinə Suriya, Fələstin, İordaniya, Misir, Səudiyyə Ərəbistanı, İran və Türkiyə də daxildir. Belə bir fikri ötən günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da irəli sürmüşdü. Türk həmkarına cavab verən İsrail Prezidenti İshaq Hersoq belə bir planlarının olmadığını söyləmişdi.