Zəngəzur dəhlizindən ümidverici xəbər, lakin yenə də: İran hamıya qarşı

 

Türkiyəli nazirdən region üçün müsbət açıqlama: dəhliz haradan keçəcək?

Zəngəzur dəhlizi alternativ deyil, onun imkanlarını artırmaq üçün nəzərdə tutulmuş Bakı-Tbilisi-Qars xəttinə əlavədir. Bunu ölkəsinin mediasına müsahibəsində Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

“Bu layihə Azərbaycanı Ermənistan və ya İranla, daha sonra Naxçıvan, Dilucu, İğdır və Qarsla birləşdirəcək nəqliyyat marşrutunun yaradılmasını nəzərdə tutur. Artıq Azərbaycan tərəfində mühüm hissələr inşa edilib. Yaxın vaxtlarda Naxçıvanda mövcud xətdə bərpa işlərinə başlanılacaq. Biz Türkiyə tərəfində 224 km-lik tikinti üçün tender keçirmişik və gələn il işə başlamağı planlaşdırırıq”, – deyə o bildirib.

Marşrutun İrandan, yoxsa Ermənistandan keçəcəyi ilə bağlı sualı cavablandıran Uraloğlu qeyd edib ki, bu danışıqları Azərbaycan tərəfi aparır: “İranla danışıqlarda ciddi irəliləyiş var və son günlər Ermənistan tərəfi ilə də müsbət irəliləyişlər var. Əminəm ki, yaxın gələcəkdə vəziyyət daha da aydınlaşacaq və biz Azərbaycanla birbaşa əlaqə yaradacağıq ki, bu da türk dünyası ilə əlaqələri gücləndirəcək”.

Aydındır ki, vəziyyət tam aydın deyil, amma yenə də…

Azərbaycanın İran və Ermənistanla münasibətlərinin reallıqlarınə nəzərə alsaq, Zəngəzur dəhlizinin hansı marşrutu daha çox ehtimal olunur: Arazın cənub sahili boyunca (İran ərazisi), yoxsa şimalı boyunca (Ermənistan ərazisi, Sünik)?

Suallarım ızı tanınmış əcnəbi ekspertlər cavablandırıblar.

Ukrayna Gələcək İnstitutunun analitiki, Yaxın Şərq üzrə ekspert İlya Kusa:

“Bu nəqliyyat dəhlizinin marşrutunun İrandan keçəcəyini düşünürəm. Çünki Ermənistanın öz ərazisində mahiyyətcə ekstraterritorial dəhliz yaradılmasına razılıq verməsi mümkün deyil. Bundan başqa, qonşu İranın özü və bəzi Avropa İttifaqı ölkələri də buna qarşıdır.

Mənim başa düşdüyüm qədər, bütün məsələ bu yola nəzarət və malların yoxlanılması məsələsindən gedir. Azərbaycan tərəfi təkid edir ki, nəzarət təbii ki, maksimum onun xeyrinə olsun, mümkünsə, onun nəzarəti olsun. Bu, da başadüşüləndir, çünki yola nəzarət əslində ondan istədiyiniz kimi, yəni maraqlardan asılı olaraq istifadə etməyə imkan verir və eyni zamanda üçüncü ölkələrin bu layihədə iştirakına imkan vermir.

İran, öz növbəsində, təbii ki, öz ərazisində müstəqil şəkildə yola nəzarət etmək istəyir. Anladığım kimi, bu, hazırda Bakı ilə Tehran arasında gedən mübahisələrin bir hissəsidir. Ona görə də düşünürəm ki, nəqliyyat dəhlizi ilə bağlı razılaşma olarsa, o, daha çox çayın İran tərəfi ilə keçəcək, nəinki Ermənistan tərəfi ilə.

Prinsipcə, iranlılar buna hazırdırlar. Onların bu layihəni nə qədər maliyyələşdirməyə hazır olduqları, bunun üçün resursların olub-olmaması və indiki Qərb sanksiyalarının buna mane olub-olmayacağı kimi suallar var. Ona görə də mən inanmağa meylliyəm ki, sonda məsələ İranla razılaşma yolu ilə hansısa yolla həll olunacaq”.

Rusiyalı analitik, iqtisad elmləri doktoru, Sankt-Peterburq Dövlət Universitetinin professoru, diplomatiya üzrə magistr proqramının rəhbəri Stanislav Tkaçenko:

“Zəngəzur dəhlizi üçün nəzərdən keçirilən iki variantdan “şimal” variantının, yəni Sünikdən keçməklə həyata keçirilməsi şansı daha yüksəkdir. Bunun bir neçə strateji və sırf maliyyə-iqtisadi səbəbləri var.

Bu gün yalnız Tehran birmənalı mövqe tutur ki, “şimal” marşrutu həyata keçirilməməlidir. Məlumdur ki, İran Xarici İşlər Nazirliyi 2024-cü il sentyabrın əvvəlində diplomatik kanallar vasitəsilə Rusiyaya məlumat verib ki, o, “şimal variantı”nı özünün milli maraqlarına təhdid hesab edir. Çünki onun həyata keçirilməsi digər dövlətlərin, ilk növbədə Azərbaycan və Türkiyənin İran ilə Ermənistan arasında birbaşa və maneəsiz əlaqəni əngəlləmək imkanlarına səbəb ola bilər. Onların münasibətləri müttəfiqlik xarakteri daşımır, lakin İranın bütün qonşu dövlətlər arasında Ermənistanla münasibətləri xüsusilə etimad xarakteri daşıyır.

Alternativ olaraq İran öz ərazisindən nəqliyyat dəhlizinin yaradılmasını təklif edir. Amma onun investisiya baxımından əhəmiyyətli miqyasda həyata keçirilməsi İranla Azərbaycan arasında çətin münasibətlərə, eləcə də dövlətin keyfiyyət standartlarına cavab verən nəqliyyat və logistika sənayesi infrastrukturu yaradılmasına milyardlarla dollar sərmayə qoymaq istəyən investorların olmamasına görə bizə qeyri-real görünür.

Rusiya Ermənistan ərazisində layihənin həyata keçirilməsi üçün kifayət qədər açıq şəkildə çıxış edib və rus diplomatları hazırda Bakı və İrəvandakı tərəfdaşları ilə təmaslarında məhz bu marşrutu dəstəkləyirlər. Maliyyə nöqteyi-nəzərindən bu, daha ucuzdur və həyata keçirilərsə, Rusiya və Türkiyə onun ən aktiv istifadəçilərinə çevriləcək.

2020-ci ildən 2023-cü ilə qədər olan dövrdə Türkiyədən Rusiyaya mal tədarükü 1,9 milyard dollardan 5,8 milyard dollara yüksəlib. Bu, Rusiyanın bu layihədə iqtisadi marağı ilə izah olunur. Moskva isə anlayır ki, Zəngəzur dəhlizinin açılması Cənubi Qafqazda uzunmüddətli münaqişənin nəhayət başa çatdığının ən bariz sübutu olacaq”./ayna.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password