“Putin ağlını itirib və müharibə istəyir” – Zelenskinin “Qələbə planı”nda Rusiyaya güzəşt yoxdur

 

“Prezident Vladimir Putin ağlını itirib və müharibə istəyir. Şəxsən o, dəyişməyəcək. O, hamıya qarşı kardır”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski ölkə parlamentində “Qələbə planı”nı təqdim edərkən deyib.

Zelenskinin dörd bənddən ibarət planı Ukraynanın Moskva qarşısında hər hansı bir güzəştini nəzərdə tutmur. Planın sülh yox, “Qələbə planı” adlandırılması da bunun göstəricisidir.

Ukrayna Prezidenti bir daha Putin Rusiyası ilə anlaşmağın və real sülhə nail olmağın mümkünsüzlüyünə işarə edib. Zelenski qeyd edib ki, Rusiya ədalətli sülh axtarmır, ona görə də bu planının həyata keçirilməsi Moskvadan yox, Kiyevin tərəfdaşlarından asılıdır.

Prezident deyib ki, Ukrayna artıq təkcə Rusiya ilə deyil, Şimali Koreya və İranla da müharibə aparır. Ona görə də Ukrayna və onun tərəfdaşları müharibənin bitməsi və Rusiyanın “sülhə məcbur edilməsi” üçün şəraiti birlikdə dəyişməlidir.

Planın bəndlərini açıqlayan Zelenski deyib: “Birinci məqam və çox vacib olan NATO-ya dəvətdir. İndi! Bu, tərəfdaşların Ukraynanın təhlükəsizlik arxitekturasındakı yerini necə gördüyünü müəyyənləşdirəcək. Qələbə planı dəstəklənsə, gələn ildən gec olmayaraq müharibəyə son qoya bilərik. Bu qalibiyyət planı yalnız tərəfdaşların köməyi ilə həyata keçirilə bilər. Əgər biz və tərəfdaşlarımız indi güclənməsək, o zaman Putin gələn il əhəmiyyətli dərəcədə güclənəcək”. Ukrayna lideri əlavə edib ki, “Kiyev “diplomatiyaya açıqdır, lakin dürüst diplomatiyaya”.

Zelenski planın ikinci bəndinin müdafiə ilə bağlı olduğunu qeyd edib. Həmin bənddə eyni zamanda, Ukraynanın ələ keçirdiyi Rusiya ərazilərindən çıxmaq fikrinin olmadığı qeyd edilib: “İkinci məqam müdafiədir. Bu, Ukraynanın işğalçıya qarşı müdafiəsinin dönməz şəkildə gücləndirilməsidir. Ukraynada döyüş meydanında öz mövqelərimizi müdafiə etmək və eyni zamanda müharibəni Rusiya ərazisinə qaytarmaq realdır. Ondan ötrü ki, ruslar həqiqətən də müharibənin nə demək olduğunu hiss etsinlər və Rusiya təbliğatına baxmayaraq, öz nifrətlərini Kremlə çevirsinlər. Biz sadəlövh deyilik. Ukrayna rusların əksəriyyətinin Rusiyanın mənəvi tənəzzülünün dərinliyini hiss etmələrinə inanmır. Lakin onlar Rusiya ordusunun çöküşünü hiss etməlidirlər və bu, onların müharibə ideologiyasının məğlubiyyəti olacaq. Kursk əməliyyatı sayəsində biz təzyiq göstərdiyimiz zaman Putinin tab gətirmək üçün kifayət qədər gücünün olmadığını gördük”.

Zelenski daha sonra plandakı müdafiə məsələlərinə dair maddələri açıqlayıb:

• Torpaqlarımızda bufer zonaların yaranmasının qarşısını almaq məqsədilə düşmən ərazisinin müəyyən ərazilərində Ukrayna Müdafiə Qüvvələrinin əməliyyatlarının uğurla davam etdirilməsi;

• Ukrayna Müdafiə Qüvvələrinin mövqelərinin dönməz şəkildə gücləndirilməsi və Ukraynanın işğal olunmuş ərazisində Rusiyanın hücum potensialının məhv edilməsi;

• Ukrayna Silahlı Qüvvələri üçün ehtiyat briqadaların cəlb edilməsində tərəfdaşlardan kömək;

• Ukraynanın hava hücumundan müdafiəsini Ukrayna şəhər və kəndlərini Rusiya raket və pilotsuz təyyarələrindən qorumaq üçün kifayət edəcək səviyyəyə yüksəltmək və tərəfdaşların hava müdafiəsinə çıxışı çərçivəsində Rusiya raket və pilotsuz təyyarələrini vurmaq üçün Avropadakı qonşularla birgə müdafiə əməliyyatları aparmaq;

• Ukrayna raketləri və dronlarından istifadə etməklə əməliyyatların genişləndirilməsi, habelə onların Ukraynada istehsalının genişləndirilməsinə investisiyalar qoyulması;

• Rusiya tərəfindən işğal olunmuş Ukrayna ərazisində və Rusiya ərazisində hərbi infrastruktur obyektlərinə uzaqmənzilli silahların tətbiqinə qoyulan məhdudiyyətlərin tərəfdaşlar tərəfindən aradan qaldırılması və Ukraynanın müvafiq uzaqmənzilli raketlər, pilotsuz təyyarələr və digər məhvetmə vasitələri ilə təmin edilməsi;

• Ukraynanı real vaxt rejimində peyk məlumatları və digər kəşfiyyat vasitələri ilə əldə edilmiş məlumatlarla təmin etmək”.

Zelenski əlavə edib ki, “Qələbə planı”nın müdafiə bəndinin hər bir alt bəndi üçün Ukrayna öz tərəfdaşlarına aydın əsaslandırma təqdim edib. Onun sözlərinə görə, planın bu bəndində məxfi əlavələr mövcuddur və məhz müvafiq hərbi yardım potensialına malik olan tərəfdaşların ona çıxışı var.

Növbəti müddəada isə Ukraynanın ərazisində ölkənin Rusiyadan yönələ biləcək istənilən təhlükədən qorunmasını təmin edən qeyri-nüvə xarakterli strateji müdafiə sistemlərinin yerləşdirilməsi əks olunub. Planın 4-cü müddəası müharibədən sonra ölkədə peşəkar hərbçilərdən ibarət ordunun formalaşdırılacağına dair təklifdən ibarətdir.

Bir sözlə, göründüyü kimi, plan Ukraynanın sona qədər dirənişini nəzərdə tutur və hər halda, burada hər hansı ərazi güzəştindən və Rusiyanın digər tələblərindən ümumiyyətlə, söz açılmır. Görünür, məhz buna görə Putinin sözçüsü Dmitri Peskov Zelenskinin bu planının amerikalıların “Rusiya ilə sonuncu ukraynalıya qədər döyüşmək planı” ilə üst-üstə düşdüyünü deyib və Kremlin köhnə təbliğat nağıllarını yenidən təkrarlayıb. Bütün bunlar o deməkdir ki, hər nə qədər müharibənin yaxın müddətdə bitəcəyinə dair iddialar irəli sürülsə də, Ukraynada dayanıqlı sülh heç üfüqdə də görünmür…

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password