Pezeşkianın isti mesajları – Avazı yaxşıdır, oxuduğu “Quran” olsa
Deputat: “Bir qədər ehtiyyatlı olmalıyıq, Pezeşkianın verdiyi müsbət mesajların real addımlara keçməsini gözləməliyik”
Oktyabrın 14-də İran Prezidenti Məsud Pezeşkian Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. İran Prezidentinin rəsmi saytında yerləşdirilən məlumatda qeyd olunur ki, iki ölkənin tarixi və mədəni ortaqlığına toxunan Pezeşkian birgə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. Prezident Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmağın zəruriliyini vurğulayıb, bildirib ki, təhlükəsizlik və bununla bağlı məsələlər İran hökümətinin əsas siyasətidir. Onun sözlərinə görə, Azərbaycanla münasibətlərin inkişaf etdirilməsi İran üçün çox əhəmiyyətlidir.
“Biz iki ölkə arasında dəmir yolu və avtomobil yollarının yaradılmasını alqışlayırıq, həmçinin enerji və kənd təsərrüfatı sahələrində əməkdaşlığın davam etdirilməsini və genişlənməsini istəyirik”, pezeşkian deyib.
Tehranda Azərbaycan səfirliyinə hücum edən şəxsin cinayət işinin araşdırıldığına toxunan İran Prezidenti bildirib ki, bu məsələ qanuni proseslər tam şəkildə icra olunana qədər diqqət mərkəzində saxlanılacaq.
Görüşdə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev də Azərbaycanın İranla iqtisadi, ticarət, enerji, mədəniyyət, tranzit, müştərək yol və dəmiryol xətlərinin təkmilləşdirilməsi, təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu vurğulayıb.
Mustafayev bildirib ki, Azərbaycanın heç bir ölkəyə qarşı ərazi iddiası yoxdur və qarşılıqlı olaraq heç bir ölkənin Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiasını qəbul etmir. O, regionun problemlərinin region ölkələri arasında müzakirə yolu ilə həll oluna biləcəyini bildirib.
Baş nazirin müavini İranla əldə oluna öncəki razılaşmaların icra olunmasına Azərbaycanın hazır olduğunu bildirib və İran prezidentini yaxın gələcəkdə Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının 29-cu tərəfdaşlar konfransına (COP29) dəvət edib.
İki ölkə arasında münasibətlərin soyuqluğu fonunda İran Prezidentinin isti mesajlarının mühüm olduğunu deyən ekspertlər bildirirlər ki, Azərbaycan kökənli olan Pezeşkian münasibətlərin normallaşmasına cəhdlər edir. Amma bunun əksini iddia edən, İranda əsas söz sahibinin Prezident yox, Ali Dini Rəhbər olduğunu söyləyənlər var və onlar bildirirlər ki, Pezeşkian münasibətlərin dostluq səviyyəsinə çatmasını istəsə də, həyata keçirə bilməyəcək.
Mövzu ətrafında sualları cavablandıran Milli Məclisin deputatı Hikmət Məmmədov deyib ki, Pezeşkian dövlət xadimi kimi davranış nümayiş etdirir:
– Pezeşkian həm İran Prezidenti kimi protokol qaydalarına əməl etməlidir, həm İran vətəndaşlarının maraqlarına uyğun davranmalıdır, həm də Azərbaycan türkü kimi davranmalıdır. Məncə, Pezeşkian bunların öhdəsində gələ biləcək. Hər halda, buna ümid edirik. Pezeşkian bir neçə dəfə Azərbaycanla bağlı isti mesajlar verib ki, bu, faydalıdır. Görürük ki, Pezeşkian İran Prezidenti postunda zaman keçirdikcə daha məzmunlu, obyektiv və ədalətli fikirlər səsləndirir. Bu, həm İran, həm də Azərbaycan üçün əhəmiyyətlidir.
Şahin Mustafayevlə görüşdə Pezeşkian bir çox amilləri nəzərə alaraq mesajlar səsləndirdi. Prezidentin İran və Azərbaycanı ən yaxın ölkələr kimi xarakterizə etməsi əhəmiyyətli idi. Eyni zamanda, Pezeşkianın hələ də Azərbaycanla İran arasındakı münasibətlərin soyuq qalmasına səbəblərdən birinə, səfirliyimizə hücum məsələsinə toxunması da mühüm idi. İran Prezidenti bildirdi ki, səfirliyə hücum edən cinayətkarın məhkəmədə verilən hökmünün sonadək icrasınız izləyəcək. Prezident bununla demək istədi ki, məsələni nəzarətinə götürüb. Ümumiyyətlə, Pezeşkianın mesajları müsbətdir və münasibətlərin yaxşılaşmasında əhəmiyyətli rol oynayır. Bu mesajlar İran-Azərbaycan münasibətlərinin ruhuna yaraşan mesajlar idi. Münasibətlərin dərinləşməsi hər iki ölkə üçün yaxşı nəticələr verəcəyinə ümid edirik.
– Yəni bu mesajlardan sonra münasibətlərin tam normallaşması gözlənilir?
– Nəzərə almaq lazımdır ki, İran mürəkkəb regionda mövcud olan və mürəkkəb tarixi keçmişi olan ölkədir. Eyni zamanda, İran bu gün mürəkkəb siyasi sistemə malik dövlətdir. Hazırda da İran təsirlər altındadır, az qala İsraillə müharibə vəziyyətindədir. Yəni ki, İranda vəziyyət hazırda stabil deyil. Ona görə də cənab Pezeşkianın mesajlarından dərhal sonra Azərbaycanla münasibətlərin tam qaydasına düşəcəyini söyləmək çətindir. Eyni zamanda, Pezeşkiandan qısa zamanda yeni İran formalaşdıracağını gözləmək də doğru deyil. İran elə İrandır və müxtəlif problemləri mövcuddur. Hesab edirəm ki, Azərbaycan təmkinli davranmalı, gözləmə mövqeyində olmalıdır. Pezeşkianın Azərbaycanla bağlı bəyanatlarının reallıqda yerinə yetirilib-yetirilməyəcəyi çox önəmlidir. Hər halda, İran Prezidenti sıradan bir şəxs deyil və onun siyasi bəyanatları münasibətlərin istiləşməsinə gətirib çıxara bilər. Hər halda, biz buna ümid edirik.
– Maraqlıdır ki, Pezeşkianın bu mesajları verməsindən bir neçə gün əvvəl İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirlərindən olan Cavani Azərbaycana qarşı hədələr səsləndirdi. Bildirdi ki, “rəhbərimizdən əmr gözləyirik, əgər Zəngəzurda aktivlik görsək Azərbaycana cavab verəcəyik”. Ümumiyyətlə, SEPAH tərəfindən ölkəmizə hədələr səngimiz. Biz dostluq mesajı verənlərə inanmalıyıq, yoxsa təhdid edənlərə?
– Əlbəttə, biz İran Prezidentinə inanmalıyıq. Pezeşkian mövcud reallıqları dəyişmək istiqamətində addımlar atır. Ən azından, bu cəhdləri müşahidə edirik. Mürəkkəb sistem dedikdə mən həm də SEPAH-ı nəzərdə tuturam. SEPAH-ın kimə tabe olub-olamaması, kimin əmri ilə oturub-durması özlüyündə maraqlı məqamdır. Düzdür, SEPAH İran daxilində kifayət qədər nüfuzlu aktordur. Lakin qərarlar verməkdə nə qədər sərbəstdir, hədələrini reallaşdıra biləcək gücdədirmi, bunun üçün siyasi razılıq ala biləcəkmi sualları var. Yenə deyirəm, biz indiki mərhələdə bir qədər ehtiyyatlı olmalıyıq, Pezeşkianın verdiyi müsbət mesajların real addımlara keçməsini gözləməliyik.
Ümumilikdə isə hesab edirəm ki, İran xalqının siyasi təmsilçisi SEPAH-ın hansısa generalı yox, İran Prezidentidir. Pezeşkian İran xalqının iradəsi ilə hakimiyyət başına keçib və xalqın siyasi təmsilçisidir. Düzdür, İranda prezidentlik institutu bir qədər zəifdir, Ali Dini Liderə tabedir. Amma bütün hallarda, ali icraedici hakimiyyətin başında İran Prezidenti dayanır.
– Pezeşkiandan əvvəlki prezidentlər də dostluq mesajları verirdilər, amma dostluq istiqamətində başqa addımlar atırdılar. İndiki İran Prezidentinin dostluq mesajlarından sonra qeyri-dost hərəkətlərinin olması real deyilmi?
– Əlbəttə, İranda pərdə arxasında güclər var və həmin güclər illərdir ki, İran-Azərbaycan münasibətlərinin inkişafına imkan verməyiblər. Həmin güclərin düşüncəsi panirançı ideologiyaya, fars şovinizminə söykənir. Onlar farsların ali irq olduğunu hesab edirlər. Eyni zamanda, həmin güclər radikal məzhəb fəssəfəsindən çıxış edirlər. Hansı ki, bu məzhəbin İslam dini ilə heç bir əlaqəsi yoxdur. Bu, yeni deyil, çoxdandır İranda bu məsələlər manipulyasiya edilir. Xüsusilə də, İrandakı Azərbaycan türklərinə qarşı da, qeyri-fars olan millətlərin hər birinə qarşı ayrı-seçkilik edilir. Həmin qüvvələr istəmirlər ki, Azərbaycanla münasibətlər yüksələn xətlə inkişaf etsin. Bəli, bu güclər Pezeşkianın addımlarına mane olmağa çalışacaqlar. Amma ümid edirik ki, Pezeşkian bu gücləri neytrallaşdırmağı bacaracaq.