Prezident Estoniyanın yeni səfirinin etimadnaməsini qəbul edib

 

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 14-də Estoniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vayno Reynartın etimadnaməsini qəbul edib.

Səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.

Prezident İlham Əliyev səfirlə söhbət etdi.

Dövlət başçısı ikitərəfli münasibətlərin gündəliyinin genişləndirilməsi, ticarət, iqtisadiyyat, investisiya sahələrində və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı yeni imkanların müəyyənləşdirilməsinin önəmini qeyd etdi, bunun üçün yaxşı imkanların olduğunu dedi.

Azərbaycana səfir təyin olunmasından şərəf duyduğunu bildirən Vayno Reynart Bakıya budəfəki gəlişi zamanı paytaxtda gedən inkişaf proseslərinin onda dərin təəssürat hissi yaratdığını dedi. O qeyd etdi ki, həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində Estoniya ölkəmizlə əlaqələrə önəm verir.

Səfir vurğuladı ki, Estoniya Azərbaycanın Ermənistanla sülh müqaviləsinə nail olunması istiqamətində səylərini məmnunluqla izləyir və bununla bağlı beynəlxalq səviyyədə göstərilən səyləri də dəstəkləyir.

İkitərəfli əlaqələrə toxunan Vayno Reynart əməkdaşlığımızın dərinləşdirilməsi baxımından böyük imkanların olduğunu dedi, xüsusilə iqtisadi sahədə əlaqələrin inkişaf edəcəyinə ümidvarlığını bildirdi.

Qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunan dövlətimizin başçısı özünün Estoniyaya, Estoniya Prezidentinin isə Azərbaycana səfərinin əlaqələrimizin inkişafında rolunu vurğuladı.

Siyasi sahədə münasibətləri qeyd edən dövlətimizin başçısı həm ikitərəfli, həm də Avropa İttifaqı və digər beynəlxalq institutlar çərçivəsində əlaqələrimizin inkişafı ilə bağlı məsələlərin müzakirə edilməsinin vacibliyini vurğuladı. Azərbaycan-Ermənistan sülh prosesinə toxunan dövlətimizin başçısı qeyd etdi ki, ölkəmiz bu prosesin təşəbbüskarı olub və sülh müqaviləsinin baza prinsiplərini irəli sürüb. Bu istiqamətdə fəal işin getdiyini bildirən Azərbaycan Prezidenti sülh müqaviləsinin bütün müddəaları üzrə razılaşmaların əldə olunmasının vacibliyini bildirdi, regional sabitliyə xidmət etməsi baxımından bu müqavilənin hər bir müddəasının önəminə toxundu.

Söhbət zamanı Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı və COP29-la bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password