Ermənistan XİN Paşinyanı təkzib etdi – Baş nazirin Zəngəzur dəhlizi açıqlaması fərqli yozuldu

 

“10 noyabrda imzalanmış üçtərəfli bəyanatın 9-cu bəndində nəzərdə tutulur ki, ərazisindən malların, nəqliyyat vasitələrinin və insanların keçirilməsini təşkil edən və onların təhlükəsizliyinə təminat verən Ermənistan Respublikasıdır. Bəyanatda bu çox aydın yazılıb”.

Bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan yerli mediaya müsahibəsində bildirib.

“Aydındır ki, Ermənistan Respublikası bunu öz yurisdiksiyası və suverenliyi çərçivəsində etməlidir. Rusiya FTX-nın sərhəd xidməti orqanlarının nəzarətinə gəldikdə, üçtərəfli bəyanatın 9-cu bəndi onların fiziki mövcudluğunu nəzərdə tutmur”, – XİN rəsmisi vurğulayıb.

Badalyanın sözlərinə görə, Ermənistan hökumətinin “Dünyanın kəsişməsi” layihəsi digər məsələlərlə yanaşı, Ermənistanın öhdəliklərinin yerinə yetirilməsi üçün yol xəritəsini dəqiq əks etdirir və onun çərçivəsində Azərbaycan tərəfinə təkliflər göndərilib.

“Üçtərəfli bəyanatda nəzərdə tutulduğu kimi, regionda bütün nəqliyyat və iqtisadi infrastrukturların blokadadan çıxarılmasında maraqlı olmaqla, biz təklif edirik ki, Azərbaycan blokun açılması prosesinə mümkün qədər tez başlasın”, – o qeyd edib.

Maraqlıdır, XİN sözçüsünün dedikləri iki gün əvvəl Baş nazir Nikol Paşinyanın İrəvanda keçirilən konfransda verdiyi bəyanatla ziddiyət təşkil edir. Paşinyan üçtərəfli bəyanata uyğun olaraq, Rusiya FTX-nın nəzarəti altında Zəngəzur dəhlizinin açılmasını mümkün sayıb.

Bu, müharibədən sonrakı illərdə rəsmi İrəvanın mövqeyində kəskin dönüş hesab olunurdu və Azərbaycan mediası xəbəri manşetlərinə daşımışdı. Görünür, Baş nazirin “siyasi səhvə” yol verməsi komandası tərəfindən qəbul edilməyib və XİN ona düzəliş etməyə ehtiyac görüb.

Badalyanın dediyi “Zəngəzur dəhlizinə Rusiya FTX-nın sərhəd xidməti orqanlarının nəzarəti barədə öhdəlik onların fiziki mövcudluğunu nəzərdə tutmur” cümləsinin başqa izahını tapmaq çətindir. Çünki sözügedən 9-cu bənddə qeyd olunub:“Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir.

Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.

Ehtimal etmək olar ki, Paşinyan hökuməti “sülh carçısı”, regional əməkdaşlığın bərpasının əsas təşəbbüskarı roluna girir, əslində öhdəliklərini icra etməməklə prosesi tormozlayan başlıca qüvvə olduğunu ört-basdır etməyə çalışır. Əks halda, 10 noyabr bəyanatında hamının eyni cür oxuduğu öhdəlikləri öz bildiyi qaydada şərh etməyə cəhd etməzdi… /azpolitika.info

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password