Avropa Parlamenti İvanişviliyə qarşı sankisyalara çağırır – Bütün siyasi qruplar qətnaməyə səs verəcək
Avropa Parlamentində Gürcüstan hakimiyyətinə qarşı sanksiyalara çağıran yeni qətnamə layihəsi müzakirə edilir.
Qərb mediası xəbər verir ki, beş siyasi qrupun razılaşdırdığı sənəddə Gürcüstanda demokratiyanın tənəzzülü ilə bağlı ciddi narahatlıq ifadə olunur. Qeyd olunur ki, “xarici agentlər” haqqında qanuna və LGBT icmasının hüquqlarını məhdudlaşdıran qanunvericiliyə görə hakim “Gürcü Arzusu” partiyasının lideri Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq edilməlidir.
Qətnamə layihəsində iddia olunur ki, hakim “Gürcü Arzusu”-nun addımları hökumət tərəfindən ifadə azadlığını pozmaq, mediaya senzura, vətəndaş cəmiyyəti və ictimai sektorun tənqidi səslərini məhdudlaşdırmaq və ya əhalinin həssas qruplarına qarşı ayrı-seçkilik etmək üçün istifadə etdiyi alətlərdir.
Layihədə deyilir: “Onlar Avropa İttifaqı (Aİ) dəyərlərinə və demokratik prinsiplərə uyğun gəlmir, Gürcüstanın Aİ-yə inteqrasiya ambisiyalarına ziddir, Gürcüstanın beynəlxalq reputasiyasına xələl gətirir və ölkənin Avro-Atlantik inteqrasiyasını təhlükə altına qoyur.
Beynəlxalq tərəfdaşların müraciətlərinə və prezidentin vetosuna baxmayaraq, Tbilisi “Xarici agentlər haqqında” qanunu qəbul edib. Gürcüstan parlamenti də LGBT şəxslərin hüquqlarının məhdudlaşdırılmasını nəzərdə tutan qanun layihələri paketini qəbul edib. Avropa İttifaqı da bu qanunun qəbulunu pisləyib və bildirib ki, “bu paket Gürcüstan əhalisinin fundamental hüquqlarını pozur və əhalinin bir hissəsinə qarşı ayrı-seçkiliyin artması ilə hədələyir”. /azpolitika.info