ABŞ-də maşın hərraclarında problem – Azərbaycandan olan sifarişlərin aqibəti necə olacaq? – VİDEO
Son günlər Amerika bazarından avtomobil alınmasında bəzi məhdudiyyətlər yaranıb.
Bu səbəbdən ölkəmizdəki yerli şirkətlər müştərilər üçün Amerika hərraclarından, xüsusilə bəzi ştatlardan avtomobil alınmasını qeyri-müəyyən vaxta qədər təxirə salıblar.
Logistika şirkətlərindən birinin satış mütəxəssisi Hafiz Əmraslanov bildirib ki, Amerika postlarında işçi böhranının yaşanacağı, sifarişlərin Azərbaycana çatdırılmasında gecikmələrin olacağı nəzərə alınaraq, Nyu-York, Texas və Corcia kimi şərq və körfəz sahili ştatlardan avtomobil alışını dayandırıblar.
Həmçinin o da bildirilib ki, artıq Sahilçilər Assosiasiyası və ABŞ Dövlət Dənizçilik Birliyi arasında yaranan böhran bir müddətlik sona çatmış hesab edilir. Bu səbəbdən Amerika hərraclarından avtomobillərin alınması bu günlərdə təkrar start götürüb.
Başqa bir Logistika şirkətinin direktoru Elgiz Əliyev qeyd edib ki, əvvəllər sözügedən ştatlardan alınan avtomobillər 50-60 gün ərzində Azərbaycana çatdırılırdı. Ancaq bu ərəfələrdə alınan avtomobillərin çatdırılma müddətinin daha 10-20 gün artacağı gözlənilir. Elgiz Əliyev bununla belə faktiki olaraq bu böhran səbəbindən logistika qiymətlərinin qalxmadığını da diqqətə çatdırıb.
Elgiz Əliyev özünə xaricdən avtomobil alan şəxslərə tövsiyə edib ki, mütləq şirkət seçimi edərkən diqqətli olsunlar. Amerikada sığorta şirkətlərinə məxsus olmayan avtomobillərin alınması sonradan onları əlavə maddi ziyana, sifarişlərin çatdırılma müddətinin uzanmasına səbəb ola bilər.
Ətraflı süjetdə: