İRAN SEPAH-ın komandiri İsmayıl Kaaninin ölümü təsdiqləndi
Etibarlı mənbələr İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinin komandiri general-mayor İsmayıl Kaaninin ölümünü təsdiqləyiblər.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.
Bildirilib ki, onun cəsədi İranın xarici işlər naziri Abbas Əraqçının Beyruta səfəri zamanı Tehrana gətirilib.
Mənbələrdən birinin sözlərinə görə, cümə axşamı hücum baş verəndə Kaani Beyrutun cənub ətrafında olub. O da vurğulanıb ki, həmin hücum zamanı Həsən Nəsrullahın mümkün varisi Haşim Səfiəddin hədəf alınıb. Lakin rəsmi şəxs Kaaninin Səfiəddinlə görüşü olmadığını qeyd edib. Mənbə, həmçinin əlavə edib ki, o vaxtdan bəri iranlı rəsmilər və “Hizbullah” hərəkatının nümayəndələri Kaani ilə əlaqə saxlaya bilməyiblər.
İkinci rəsmi şəxs də təsdiqləyib ki, Kaani Nəsrullahın ölümündən sonra Livana gedib və Səfiəddinə qarşı ehtimal olunan hücumdan sonra onunla əlaqə saxlamaq mümkün olmayıb.
Qeyd etmək lazımdır ki, Kaani bu vəzifəyə Qasim Süleymaninin yerinə təyin edilmişdi.