Bakıda hərbi əməliyyatların idarə olunması üzrə beynəlxalq səviyyəli seminar keçirilir

 

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə təşkilatçılığı ilə“Hərbi əməliyyatların idarə olunmasında beynəlxalq qaydalar üzrə yüksək səviyyəli seminar” (SWIRMO) keçirilir.

Beynəlxalq Qızıl Xaç Komitəsinin əhəmiyyətli tədbirlərindən biri olan bu seminarda 70-dən çox ölkəni təmsil edən yüksək rütbəli zabitlər iştirak edir.

Seminar əsasən müharibə təcrübəsi keçən ölkələrdən məhz beynəlxalq humanitar hüququn əsasları, norma və prinsiplərinə riayət edən ölkələrin ərazilərində keçirilir. Azərbaycan Ordusunun hərbi qulluqçuları seminarda öz təcrübələrini bölüşəcəklər. Azərbaycanın Vətən müharibəsi, sonrakı döyüş əməliyyatları, xüsusilə antiterror əməliyyatında beynəlxalq humanitar hüquqa riayət etməsi nümunəvi xarakter daşıyır. 44 günlük müharibədə mülki insanlara dəymiş zərər nisbəti 60-cı ildən bəri dünya hərb tarixində bir möcüzədir. Antiterror əməliyyatında isə mülki tələfat ümumiyyətlə olmayıb. Bütün bunlar Azərbaycanın beynəlxalq humanitar hüquqa ciddi riayət etməsinin bariz nümunəsidir. Elə bu səbəbdən də 17-ci seminarın məhz ölkəmizdə keçirilməsi təsadüfi deyil.

Seminarda BQXK-nın yaranma tarixi və indiki fəaliyyəti, silahlılarla dialoqun aparılması, hərbi əməliyyatlar və hüquq, hüququn inteqrasiyası, Beynəlxalq Humanitar Hüquq və hədəfəalma, Azərbaycan Ordusunda Beynəlxalq Humanitar Hüququn tətbiqi və digər mövzularda çıxışlar təqdim ediləcək.

Seminarın keçirilməsində başlıca məqsəd hərbi əməliyyatların idarə olunmasına dair beynəlxalq qaydaların anlaşılmasını dərinləşdirmək, müasir döyüş meydanında beynəlxalq humanitar hüququn tətbiqi ilə bağlı problemləri araşdırmaq, bu hüququ hərbi planlaşdırma, əməliyyatların aparılması və əxlaqi dəyərlərin gücləndirilməsinə inteqrasiya etmək, həmçinin eyni məkanda çalışan hərbçilərlə BQXK arasında qarşılıqlı anlaşmanı inkişaf etdirməkdir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password