Bu il doqquz nəfər şəhid xanımı ali məktəbə qəbul olub
2024-2025-ci tədris ilində doqquz nəfər şəhid xanımı ali məktəblərə qəbul olub.
Şəhid xanımları Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Azərbaycan Banklar Assosiasiyası ilə birgə həyata keçirdiyi “Sən tək deyilsən” layihəsi çərçivəsində “Gələcəyə əmin addımlarla” şəhid xanımlarının təhsilinə dəstək proqramı sayəsində ali təhsil alacaqlar.
Dövlət Komitəsinin sədri Bahar Muradova şəhid xanımları ilə görüşdə onları ali məktəbə qəbul olmaları münasibətilə Komitənin kollektivi adından ürəkdən təbrik edib.
B.Muradova Anım günündə hamılıqla Zəfər abidəsinin ziyarət edildiyini, şəhidlərin xatirəsinin böyük hörmətlə yad edildiyini xatırladıb:
“Biz onların qarşısında ehtiram borcumuzu yerinə yetirdik və onların şücaəti ilə xilas etdiyimiz gələcək Azərbaycanın qarşısında duran hədəflərin yerinə yetirilməsi ilə bağlı vəzifələrimizə sadiq olacağımızı, qəhrəman şəhidlərimizi heç bir zaman unutmayacağımızı bəyan etdik”.
O, Vətən müharibəsindən keçən müddətdə, xüsusilə son bir il ərzində çox böyük dəyişikliklərin olduğuna diqqət çəkərək, Azərbaycanın bütün dünyada artıq öz ərazisinin, torpaqlarının və öz sərvətinin sahibi olan bir ölkə kimi tanındığını qeyd edib. Komitə sədri əlavə edib ki, Azərbaycan iqtisadi imkanlarından, hərbi qüdrətindən, yerləşdiyi bölgədən, dünyada gedən ictimai-siyasi proseslərdəki yerindən asılı olmadan yalnız öz gücünə istinad edərək torpaqlarını azad etmə qabiliyyətini ortaya qoymaqla, bütün dünya üçün, xüsusilə də müstəmləkə zülmü altında olan, ərazisi işğal altında olan millətlərə örnək yaratdı.
“Vətən müharibəsində həyatını qurban vermiş şəhidlərin ailələri, doğmaları, yaxınları, xüsusilə də qazilərimiz, bütün müharibə veteranlarımızın üzləşdiyi çətinliklərin aradan qaldırılması üçün müvafiq tədbirlər görülür. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də ailələrlə işləyir, onların gücləndirilməsi, gənc nəslin təhsilə daha geniş şəkildə cəlb olunması, xüsusilə şəhid ailələrində olan gənclərin ilk növbədə təhsilə yönləndirilməsi ilə bağlı maarifləndirici işlər görür”, – B.Muradova diqqətə çatdırıb.
Şəhid xanımları ilə bağlı məsələlərin daim diqqətdə saxlanılmasının vacibliyinə toxunan sədr komitə tərəfindən bu mövzuda həm sosial, həm də siyasi məzmunlu tədbirlərin təşkil olunduğunu qeyd edib. O, Dövlət Komtəsinin müəllifi olduğu “Sən tək deyilsən” layihəsinin artıq 4 ildir keçirildiyini vurğulayaraq, Banklar Assosiasiyasının bu işə böyük töhfə verdiyini söyləyib. B.Muradova şəhid xanımlarının hər birinin əldə etdiyi uğurlara sevindiyini və bu uğurların Azərbaycan xalqına da qürur və fəxarət hissi yaşatdığını, gənc qızlara örnək olduğunu bildirib.