Tələsən İran… – Tehran antiqərb mövqeyindən Qərb dostu mövqeyinə sıçrayır?
Reuters agentliyi üç fərqli mənbəyə istinadla ilginc məlumat yayıb. Angentliyin məlumatına görə İran Rusiyaya ˝Fəth 360˝raketlərini verib, amma həmin raketləri hədəfə atmaq üçün lazım olan qurğuları verməyib. Eyni zamanda İran və Rusiya rəsmiləri arasında ən müxtəlif səviyyələrdə intensiv danışıqlar gedir. Bəzi Rusiya mənbələrinin məlumatlarına görə, Moskva İranın Qərblə yaxınlaşma addımlarını diqqətlə izləyir. On illər boyu Rusya-İran ittifaqının ana nədəni antitürk siyasəti olub. Lakin, Ukrayna hərbinə başladıqdan sonra Moskvanın bu siyasəti yürütmə potensialı əhəmiyyətli dərəcədə zəifləyib. Üstəlik, Rusiya ilə Türk dünyası arasında yeni-yeni uzlaşma nöqtələri yaranır.
Fars hakimiyyəti üçün ən böyük təhlükə türk faktorudur. Bu barədə çox yazılıb. Türk cinahında hadisələr kifayət qədər intensiv şəkildə inkişaf edir. Qırğızıstan Respublikası rəsmi qaydada Türk Dövlətləri Təşkilatı çərçivəsində ˝Türk NATO-su˝ yaratmağı təklif edib. Digər tərəfdən, Azərbaycan və Mərkəzi Asiya türk dövlətləri artıq neçənci dəfədir minlərlə əsgərin iştirakı ilə iri miqyaslı hərbi təlimlər keçirir. Bu təlimlərə nə Rusiya, nə də İran dəvət olunmur. Bütün bu proseslər ildırım sürəti ilə gedir və İranın tutarlı cavab tədbirləri hazırlamaq üçün zamanı yoxdur. Hadisələrin belə inkişafı İranı türklərə qarşı yeni müttəfiq axtarışına sövq edir və bu məqsədlə üz tutula biləcək yeganə ünvan Qərbdir.
Pezişkian prezident olar-olmaz Qərblə yaxinlaşma niyyətini elan etdi. O, indi də ABŞ və Aİ ilə Ukrayna müharibəsini müzakirə etməyə hazır olduğunu bildirir.
Aydındır ki, Qərblə yaxınlaşmanın şərtləri var. Bu gün Qərb iki böyük müharibənin içindədir və İran hər iki müharibədə əks cəbhədə yer alır.
Ukrayna müharibəsində Rusiyaya dron və raket gondərir, İsrail müharibəsində isə “Hizbullah”a, husilərə, HƏMAS-a dəstək verir. Qərblə yaxınlaşma istəyini reallaşdırmaq üçün Tehran hər iki müharibədə antiqərb cəbhəsindən çəkilməlidir. Artıq İran tərəfindən Ukrayna məsələsində Qərbin şərtlərini qarşılayacaq bəzi addımlar atılır. Fars rejimi bir tərəfdən Rusiyaya raket verir, amma raket atan qurğuları vermir, digər tərəfdən isə Pezişkian Rusiyadan dəstəyini çəkə biləcəyinə işarə edir.
İsraillə bağlı yöndəyişmə isə Tehran üçün daha qəlizdir. Məzhəbçilik üzərində qurulan fars rejimimnin yaşamasının ideoloji əsası İsrail düşmənçiliyidir. Bu səbəbdən fars rejimi özünün İsrail əleyhinə fəaliyyətini dayandıracaqsa, bunu çox açıb-ağartmadan, pərdə arxası gedişlərlə edəcək. Belə gizli gedişlərin artıq başlanıb-başlanmadığını söyləmək hələlik çətindir. Bununla belə, İranın Qərblə yaxınlaşma qərarını elan etdiyi gündən bəri İsrail cəbhəsində ilginc hadisələr baş verir. Çox simvolik bir gündə, İranın Qərb meyilli prazidentinin andiçmə mərasimi günündə, İsrailin bir nömrəli düşməni olan HƏMAS lideri İsmayıl Haniyə məhz Tehranda öldüruldü. Sonrakı həftə içində ard-arda Livanda “Hizbullah”ın ünlü liderləri istibarat sızmaları nəticəsində qətlə yetirildi. Son həftə ərzində isə “Hizbullah”ın minlərlə üzvünün əlindəki rabitə cihazlar partladı, yüzlərlə üzv öldü. Həmin cihazların İran üzərindən tədarük edildiyi məlum faktdır. İndi də İsrail ən şiddətli şəkildə Livanı vurur. İsrail mediasının yaydığı məlumatlara görə “Hizbullah” lideri İrandan dəstək istəyir. Amma İran susur. Nə baş verir?
Çox qısa zaman dilimində İsrail gizli xidmətləri bu qədər fövqəladə əhəmiyyətli əməliyyatları necə reallaşdıra bildi? Yaxud, özünün bir nömrəli müttəfiqinin məhv edilməsinə rəsmi Tehran niyə dözür? Bəzi informasiya vasitələrində ˝İran Qərblə yaxınlaşmaq üçün HƏMAS və “Hizbullah”ı bitirir˝ tipli təsdiqini tapmayan məlumatlar yayılır. Belə məlumatların həqiqətə uyğun olub-olmadığını hadisələrin növbəti inkişafı göstərəcək.
İran üçün qərblə yaxınlaşma turk faktoruna qarşı dirənmək və sanksiyalardan qurtulmaq üçün lazımdır. Bəs Qərbə İran nə üçün lazım ola bilər?
Qərbin flaqmanı olan ABŞ istənilən güc mərkəzinə qarşı ˝protivoveslər,˝ əks-güclər yaradaraq həmin güc mərkəzini nəzatdə saxlamağa çalışır. Fars rejiminin yönəltdiyi İran da türklərə qarşı əks-güc kimi əhəmiyyətli tərəfdir. Belə fəaliyyətin nümunələri də var. İraq və Suriyada Türkiyəyə qarşı vuruşan kürd separatçılarını ABŞ və İsraillə yanaşı İran da dəstəkləyir. Bu barədə Türkiyə Müdafiə Nazirliyinin açıqlamaları var. Lakin, Tehranın Qərbə doğru çevrilməsinin qısa müddətdə və intensiv şəkildə baş tutacağı ağılabatan deyil. ABŞ Orta Şərqi və körfəz ölkələrini nəzarətdə saxlamaq üçün on illər boyu çoxşaxəli və mürəkkəb oyun qurub. Həmin oyunun davam etməsi üçün İran düşmənçiliyi çox önəmli faktordur. Bu faktordan yanlış zamanda imtina etmək oyunun dağılmasına gətirə bilər. İran isə çox tələsir.
Yaxın keçmişi yada salaq. Rəisinin prezident edilməsi fars rejimi baxımından Qərb düşmənçiliyinin daha da möhkəmləndirilməsi demək idi. Qərb düşməni Rəisi öldü, Qərb dostu Pezişkian gəldi. Rəisinin prezident edilməsi ilə ölümü arasındakı çox qısa zaman kəsimi fars rejiminin sərt antiqərb mövqeyindən Qərb dostu mövqeyinə sıçraması üçün yetərli oldu. Belə kiçik zaman və belə böyük dönüş! Maraqlıdır, tələsən İran görəsən hansı təndirə düşəcək?/azpolitika.info