Ərdoğan açıqladı, türk ölkələri hərəkətə keçir – “İlk həmlə Bakıdan gələcək”
Azərbaycan Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyini tanıya bilər.
Bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspert xatırladıb ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasındakı çıxışında dünya ölkələrini Kipr Türk Cümhuriyyətini tanımağa çağırıb:
“Türk dövlətləri Ərdoğanın çağırışına qoşulmalıdır. Artıq Azərbaycan digər türk ölkələrindən fərqli olaraq, bu yöndə hərəkətə keçib. Məsələn, Azərbaycan Şimali Kiprin Türk Dövlətləri Təşkilatına müşahidəçi statusunda qəbul edilməsinə nail olub. Bu, tamhüquqlu üzvlük üçün Bakının ilk addımıdır. Artıq Şimali Kipr prezident (Ərsin Tatar) səviyyəsində təşkilatın toplantılarına qatılır. Üstəgəl, Azərbaycan-Şimli Kipr Türk Cümhuriyyəti Parlamentlərarası işçi qrupu yaradılıb. Həmçinin Şimali Kipr Türk Cümhuriyyətində Azərbaycan Beynəlxalq Mədəniyyət Mərkəzi açılıb, Girnə şəhərində isə Azərbaycan Evi. Yəni tanınma yönündə işlər gedir.
Azərbaycanın Şimali Kipr Türk Cümhuriyyətini tanıması üçün heç bir siyasi-hüquqi problemi yoxdur. Bu gün Kiprin yunan tərəfi və Yunanıstan Ermənistanla açıq hərbi əməkdaşlıq edir, anlaşmaları da var. Yunanlar ermənilərin Azərbaycana qarşı silahlanmasına kömək edirlər. Buna görə də Yunanıstanın bununla bağlı mövqeyi bizim üçün əhəmiyyət kəsb etməməlidir. Bizə Şimali Kiprin müstəqilliyini tanımaq üçün heç nə və heç kəs mane olmur”.
Məhəmməd Əsədullazadə əlavə edib ki, Azərbaycan Qarabağ münaqişəsini həll edib, Ermənistan da Qarabağ da daxil ərazi bütövlüyümüzü tanıyıb:
“Hesab edirəm ki, sülh müqaviləsi imzalandıqdan sonra rəsmi Bakı Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyini rəsmən tanıya bilər. Bundan sonra digər türk ölkələrinin – Qazaxıstan, Özbəkistan və Qırğızıstanın da eyni addımı atacaqlarını düşünürəm. Yəni Azərbaycanın həmləsi türk dövlətlərini də hərəkətə gətirəcək. Türk dünyası və Türk Dövlətləri Təşkilatının daha da güclənməsi üçün Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin tanınması zərurətdir”.