Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi ilə görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabına xəbər verilir.
Azərbaycan nüvə enerjisinin yayılmaması və dinc məqsədlərlə istifadəsində AEBA-nin yoxlama sisteminin əvəzsiz rolunu vurğulayaraq, nüvə təhlükəsizliyini və onun möhkəmləndirilməsi üçün beynəlxalq əməkdaşlığı qətiyyətlə dəstəkləyir.
Xarici işlər naziri və baş direktor 2024-2029-cu illər üçün AEBA ilə texniki əməkdaşlıq sahəsində Azərbaycan Respublikası üzrə Ölkə Çərçivə Proqramını (CPF) imzalayıblar.
Saziş texniki əməkdaşlıq fəaliyyətləri vasitəsilə dəstəklənəcək qarşılıqlı razılaşdırılmış prioritet inkişaf ehtiyaclarını və maraqlarını müəyyən edir.