Abdullah Ağar: “Harris mənfəəti üçün ermənilərin xoşuna gəlmək istəyir”

 

ABŞ-nin vitse-prezidenti Kamala Harris prezidentliyə namizəd qismində ölkənin erməni icmasına ünvanladığı müraciətdə Qarabağdan olan ermənilərin “qayıtmaq hüququ”na istinad edib.

Məsələ ilə bağlı fikirlərini bildirən Türkiyənin Bahçeşehir Universitetinin Strateji Araşdırmalar Mərkəzinin sədri, terror və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar Harrisin öz siyasi mənfəətləri üçün tarixi faktları saxtalaşdırdığını bildirib:

“Kamala Harris prezident seçkisindəki çətin yarışa görə fürsətçi davranış sərgiləyir, tarixi həqiqətləri saxtalaşdıraraq haqsızlıq edir. Harris məktubunda “soyqırımı”ndan danışır. Belə mövzuda danışmaq üçün tarixi həqiqətləri mütləq şəkildə bilməlisən. Ancaq Harris bu aspektdən danışmır, siyasi fürsət və mənfəət mübarizəsi düşüncəsi ilə seçkiyə qoşulur. Qələbə qazanmaq üçün girəcəyi seçkidə, başda Kaliforniyadakılar olmaqla, ABŞ-də yaşayan ermənilərin səslərinə ehtiyacı olduğunu düşünür. Ona görə də tarixi həqiqətləri inkar etmək bahasına onlara yaxşı görünmək üçün saxta faktlarla dolu sənədin altına çəkinmədən və vicdan hissindən uzaq şəkildə imza atıb. Bu, Kamala Harrisin müdafiəçisi olduğunu iddia etdiyi qaydalara əsaslanan dünya nizamına, eyni zamanda, beynəlxalq hüququn əsas prinsiplərindən olan qarşılıqlığa və ədalətə ziddir. Yəni əslində, ABŞ-nin siyasi mənfəətləri üçün öz ayağına güllə sıxmasıdır”.

Ağar Harrisin qələbə qazanacağı halda bu saxtakarlığın dövlət siyasətinə çevrilməsinin Türkiyə və Azərbaycanla münasibətlərə ciddi zərbə vuracağını bildirib:

“Azərbaycan heç vaxt Qarabağda yaşayan erməniləri zorla oradan çıxarmayıb. Onlara vətəndaş olmaq və bütün konstitusion hüquqlardan istifadə etmək imkanı verib. Cənab İlham Əliyev dəfələrlə bununla bağlı danışıb. Azərbaycan dövlətinin bu təklifini qəbul etməyən ermənilər öz istəkləri ilə Ermənistana getdilər. Yol boyunca Azərbaycan dövləti onların bütün zəruri ehtiyaclarını qarşıladı. Dünya bunun şahidi oldu. Qarabağdakı 30 illik işğalın, ekosidin (canlı orqanizmlərin, ilk növbədə insanın yaşadığı mühiti dağıtmaq üçün insan tərəfindən, əsasən, müharibə və toqquşmalar zamanı qərəzli istifadə edilən kimyəvi və digər vasitələr – red.), mədəni soyqırımının, topoqrafik soyqırımının altında imzası olan dövlət Ermənistandır. Yəni Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir, sərhədləri daxilindədir. Orada minlərlə insanı qətlə yetirən, başda qızıl olmaqla təbii sərvətləri talayan, işğalçılıq edən Ermənistandır, səbəbkarlar isə onu dəstəkləyənlər, başına sığal çəkənlərdir.

Qarşımızda Azərbaycanın haqlı mübarizəsinə öz siyasi gələcəyi və mənfəətləri üçün xələl gətirməyə meyillənən bir Kamala Harris var. Gerçək budur. Belə təhlükəsizlik böhranına səbəb ola biləcək cümlələr rəsmi Vaşinqtonun xarici siyasət kursuna çevrilsə, ABŞ ilə onsuz da yaxşı olmayan münasibətlər daha da pisləşəcək. Demək olar ki, hər gün Cənubi Qafqaz regionu ilə əlaqələrin yaxşılaşdırılmasından danışan ABŞ isə meydana çıxacaq problemlərin səbəbkarı və tərəfi olacaq”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password