Rusiyanın bitmək bilməyən “əbədi müharibəsi” – Günah təkcə Putindədirmi?

 

Ukraynada başladılan və 3 ilə yaxındır davam edən işğalçılıq müharibəsi Rusiya cəmiyyətinin əhəmiyyətli hissəsinin bir çox eybəcər cəhətlərini – şovinistliyini, kobud imperiyaçı təfəkkürünü, geridə qalmışlığını, amansızlığını, eyni zamanda da qorxaqlığını, məddahlığını, digər millətlərə qarşı nifrətini və s. daha qabarıq şəkildə üzə çıxardı. Dünya tarixinə dahi yazıçılar, bəstəkarlar, şairlər, alimlər və s. vermis bir ölkənin, xalqın, cəmiyyətin böyük hissəsinin bu qədər miskin duruma düşəcəyini Ukrayna müharibəsindən əvvəl Rusiyanı uzaqdan tanıyanlar qətiyyən təsəvvür edə bilməzdilər. Hətta bu cəmiyyəti daha yaxından tanıyanların, onun psixologiyasından, dünyagörüşündən, mənəvi keyfiyyətlərindən, tarixindən az-çox xəbərdar olanların belə çoxu onun indiki halına heyrət edirlər.

Lakin tarixə, xüsusilə də son 100 illik tarixə baxsaq, Rusiyanın dövlət və cəmiyyət olaraq bugünkü davranışlarında xeyli qanunauyğunluqlar tapmaq olar. Yaxın tarix göstərir ki, barəsində danışdığımız bu dövlət və toplum müharibəsiz, işğalsız, qansız, repressiyasız, diktaturasız yaşaya bilmir…

Bu gün də Rusiyada daim Kremlin çirkin təbliğat ruporuna çevrilən televiziyalara baxan yaşlı və orta nəsil müharibə tərəfdarıdır, Ukraynadakı haqsız işğala, qan-qadaya haqq qazandırır, uşaqlar və gənclər isə bunun əleyhinədir. Lakin həmin uşaqlar və gənclər yaşlanandan sonra onlar da bugünkü orta və yaşlı nəsil kimi olacaq, düşünəcək. Tarixən belə olub və olacaq…

Rusiyanın əksər əyalətlərində ümidsizlik, yoxsulluq, səfalət, natəmizlik hökm sürür. Moskvada isə restoranlar, əyləncə mərkəzləri, klublar ağzına kimi doludur. Burada insanlar müharibədən ümumiyyətlə danışmamağa çalışırlar. Qorxurlar. Hətta telefonda da bu mövzuları müzakirə etmirlər – “Bu, telefon söhbəti deyil”. Eyni zamanda da pul qarşılığında “slavyan qardaşları”nı öldürməyə gedirlər…

Rusiya əvvəllər olduğu kimi, son yüz ildə də dayanmadan vuruşur və Ukrayna müharibəsi bu topluma savaşın hava-su kimi lazım olduğunu bir daha sübut edir. Sanki bunlara mütləq “əbədi döyüş” lazımdır.

Ötən əsrin əvvəlində vətəndaş müharibəsi, sonra “qırmızı terror”, menşeviklərlə və eserlərlə müharibə, ziyalılarla müharibə, “qolçomaq” kəndlilərlə, “basmaçlar”la müharibə, “diversantlar”, “casuslar” və “satqınlar”la müharibə. Sonar köhnə bolşeviklərlə müharibə, “Vətən xainləri”nin ailə üzvləri ilə, şairlərlə, yazıçılarla, akademiklərlə müharibə. Dindarlarla, möminlərlə, mühacirlərlə müharibə.

İspaniyada müharibə. Çində müharibə. Finlandiya ilə müharibə, Latviya, Litva və Estoniyanın işğalı, Polşa ilə müharibə, Almaniya ilə müharibə, Yaponiya ilə müharibə. Şərqi Avropanın işğalı, oradakı əhali və müxalif düşüncə ilə müharibə. Sovet vaxtı “köksüz kosmopolitlər”lə, “Qərbə can atanlarla”, disidentlərlə, hətta uzun saçla, dar şalvarla müharibə, azad düşüncəyə, “xarici agentlərə və daxili düşmənlərə” qarşı müharibə.

Öz daxilindəki xalqlarla – Krım tatarları, finlər, qaraçaylar, kalmıklar, çeçenlər, inquşlar, balkarlar, ahıska türklərilə müharibə.

“Soyuq müharibə”, Koreya müharibəsi, Macarıstanın işğalı, Karib böhranı, Vyetnam müharibəsi, Çexoslovakiyanın işğalı, Anqolada müharibə, Əfqanıstanda müharibə…

Qarabağda, Abxaziyada, Dnestryanıda, Donbasda müharibə, Krımın işğalı, Çeçen müharibəsi, Gürcüstanla müharibə. Suriyada müharibə. Ukrayna ilə müharibə və nəhayət, Amerika ilə “əbədi müharibə”. O Amerika ilə ki, Rusiya nə iqtisadiyyatı, nə ordusu, nə elmi, nə texnologiyası ilə nəinki müharibə, heç rəqabət aparmaq qabiliyyətində deyil. Bu halda niyə savaşır, nə istəyir, nə axtarır – bilən yoxdur.

Bütün bunlara görə günah təkcə “Çar Putin”dədirmi, təkcə o olubmu və odurmu qana susayan? Hardandır bu toplumdakı daimi “düşmən axtarışı” həvəsi, müharibə sevgisi, azarı, xəstəliyi? Bunun bir sonu, “müalicəsi” varmı?

Təəssüf ki, yoxdur, görünmür, yaxın gələcəkdə də görünənə oxşamır və bir çox ağır xəstəliklərdə olduğu kimi, “açıq cərrahiyyə əməliyyatı” aparılmadan sağalması da mümkün deyil… /azpolitika.info

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password