“Mossad”-ın inanılmaz “peycer əməliyyatı” – Saxta şirkətlər qurdular…
“Hizbullah”a bomba tərkibli “peycer”lər (rabitə qurğusu-red.) satan saxta şirkət İsrailin bir nömrəli kəşfiyyat təşkilatı – “Mossad” tərəfindən qurulub.
Bu barədə ABŞ-nin aparıcı nəşrlərindən olan “The New York Times”-da yayımlanan məqalədə bildirilib.
Xəbərə görə, “Mossad” “Hizbullah”a satdığı “peycer”ləri özü istehsal edib. Nəşrə danışan müxtəlif mənbələr hücumların məsuliyyətini rəsmi olaraq üzərinə götürməyən və bununla bağlı açıqlama belə verməyən İsrailin kompleks əməliyyatı aylarca planlaşdırdığını və böyük sərmayə qoyduğunu bildirib.
Qeyd olunub ki, “Hizbullah” lideri Həsən Nəsrullah İsrailin həyata keçirdiyi hücumlardan sonra mobil telefonlardan istifadəni qadağan edib və hələ 1980-ci illərdən “peycer”lərin alınması ilə bağlı göstəriş verib.
“New York Times”a danışan mənbələrə görə, bundan xəbər tutan İsrail mürəkkəb sui-qəsd əməliyyatının icrası üçün hərəkətə keçib və beynəlxalq “peycer” istehsalçısı adı altında saxta şirkət qurub. Bildirilir ki, “Hizbullah”a partlayıcı yüklü qurğular satan Macarıstandakı “B.A.C.” şirkəti ilə yanaşı İsrail tərəfindən daha iki saxta şirkət qurulub. Ardınca isə “Mossad”ın idarəçiləyində əməliyyata start verilib. İstehsal mərhələsində Hizbullaha satılan cihazlara “PETN” partlayıcısı yerləşdirildiyi və 2022-ci ildən etibarən Livana göndərilməyə başlandığı bildirilib.
Qeyd olunur ki, “Hizbullah” partlayıcı yüklü qurğuları öz üzvlərinə şəxsən paylayıb. Bildirlir ki, İsrail aylarla davam edən satışdan sonra “peycer”lərə eyni anda saxta mesajlar göndərməyə başlayıb. Bundan sonra isə cihazlardakı partlayıcılar bir-bir işə düşüb və məlum terror aktı gerçəkləşib.
Qeyd edək ki, avqustun 17 və 18-də Livanda “peycer” cihazlarının partlaması nəticəsində 12 nəfər həlak olub, 300-ü ağır olmaqla, 3 min nəfər yaralanıb. /azpolitika.info