Azərbaycanda devalvasiya gözlənilirmi? – Neftin qiyməti 40 dollar olsa belə…
Hazırkı şərtlər daxilində Azərbaycan manatının dəyər itirməsi ilə bağlı təzyiqlər yoxdur. Son günlərdə neftin qiymətində olan ucuzlaşma da müvəqqəti xarakter daşıyır. Əslində Azərbaycan neftinin büdcədə nəzərdə tutulandan artıq qiymətə satışını reallaşdırmaq mümkün olacaq.
Bu fikirləri iqtisadçı Rəşad Həsənov deyib.
O qeyd edib ki, ölkənin tədiyyə balansında ciddi risklər mövcud deyil:
“Tədiyyə balansının profsiti yüksəkdir. Bundan sonra Azərbaycan neftinin satış qiyməti 40-50 dollara qədər ucuzlaşsa belə, bu, tədiyyə balansına risk yaratmır. Əksinə bazarda manatın möhkəmlənməsinə dair təzyiqlər daha çoxdur”.
Ekspert hesab edir ki, hökumət əlavə manat yaratmaq siyasətinə keçməsə bazarlarda manatın dəyər itirməsi ilə bağlı təzyiq olmayacaq:
“2024-cü ilin qalan dövrü və 2025-ci ilin əvvəllərində də bu hal müşahidə olunacaq. Dövləti manat dəyişikliyinə getmədiyi halda hər hansı devalivasiya gözlənilmir. Bu hal isə 50 faiz səviyyəsindədir”.
Rəşad Həsənova görə, bu qərarın riskləri böyükdür:
“İnflyasiya təzyiqləri arta bilər. İqtisadiyyatın rəqabət qabiliyyətinin güclü olmadığı nəzərə alınsa, hökumətin devalivasiya qərarı qəbul etməsi ehtimalı yüksək deyil. Amma xərclər fonunda hökumət manatyaratma siyasəti ilə bağlı mövqe ortaya qoymaq zərurəti ilə üzləşə bilər. Ona görə də, müəyyən zaman çərçivəsində devalivasiya təhlükəsi gözlənilmir”.