“Ukrayna Rusiya sərhədini Türkiyə “Kirpi”-si ilə yarıb” – “Əvvəlcə kiçik görünən hücum ciddi təhlükəyə çevrilir”
Xəbər verildiyi kimi, sentyabrın 12-də Ukrayna Silahlı Qüvvələri Rusiyanın Kursk vilayəti ilə sərhədini növbəti dəfə yarıb. Sərhədin Vesyoloye yaşayış məntəqəsi istiqamətində yarılması nəticəsində Kurskdakı Ukrayna qoşunlarını sıxışdırmaq üçün əks-hücuma keçən rus qoşunları mühasirəyə düşmək təhlükəsilə üz-üzə qalıblar.
“Forbes” nəşri Ukraynanın növbəti uğurlu hərbi həmləsilə bağlı bəzi detalları açıqlayıb. Məlum olub ki, Ukrayna bölmələri hücum zamanı Türkiyənin “Kirpi” zirehli avtomobillərindən istifadə ediblər: “Vesyoloye uğrunda gedən döyüşlərdə hansı Ukrayna qüvvələrinin iştirak etdiyi açıqlanmır. Bununla belə, qeyd etmək lazımdır ki, PUA-dan çəkilən videoda Ukrayna dəniz piyadaları arasında populyar olan Türkiyə istehsallı “Kirpi” zirehli maşınlarının hücumda iştirak etdiyi görünür. Ukraynanın 36-cı dəniz piyada briqadası Kurskda döyüş əməliyyatları aparır. Ona görə də ola bilsin ki, bu əməliyyatda da onun bölmələri iştirak edib”.
Qeyd olunur ki, ukraynalılar Kursk vilayətinin qərbindəki Novıy Put kəndi yaxınlığında Rusiya müdafiəsini yarıblar. “Forbes”-ə görə, əvvəlcə qısa və kiçik bir hücum kimi görünən əməliyyat tez bir zamanda ruslar üçün daha təhlükəli hadisəyə çevrildi. Ukrayna zirehli texnikası sürətlə Novıy Putu keçərək, bir neçə kilometr irəlidəki Vesyoloye yaşayış məntəqəsinə doğru irəliləyib. Ukrayna Silahlı Qüvvələri qəsəbənin cənubuna çatıb və praktiki olaraq onu ələ keçirib. Bu, şənbə günü baş verib. Artıq bazar günü Ukraynaya aid döyüş təyyarəsi Vesyoloyenin mərkəzindəki binada yerləşən Rusiya qüvvələrinə peyklə idarə olunan yüksək dəqiqlikli bomba atıb.
Nəşrin qeyd etdiyi kimi, Vesyoloye ətrafındakı Rusiya hərbi qarnizonuna xeyli sayda zəif təlim keçmiş gənc çağırışçılar daxildir. Ancaq onlar Kremlin vədlərinə görə hərbi əməliyyatlarda iştirak etməməli idilər. Güman olunur ki, Ukrayna Silahlı Qüvvələrinin bu istiqamətdə sürətlə irəliləməsinə də buranı məhz təcrübəsiz və zəif təlim keçmiş çağırışçıların müdafiə etməsi səbəb olub.