Zəngəzurda mübarizə aktiv fazaya keçir – “Bu addım İranı susduracaq”

 

İranın Zəngəzur dəhlizinə qarşı olması Türkiyə-Azərbaycan ittifaqının Cənubi Qafqaz və Mərkəzi Asiyada mövqeyinin güclənməsi, eləcə də bölgədən keçən nəqliyyat marşrutlarına nəzarətindən irəli gəlir. Tehran bu yolu Turan dəhlizi kimi görür və bu iddiasından irəli gələn qorxusu onu avantürist çıxışlara sürükləyir.

Bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, İranın dəhlizlə bağlı mövqeyi Tehranla Moskva arasında siyasi böhrana gətirib çıxarıb:

“Zəngəzur dəhlizi açılsa, Çin və Mərkəzi Asiyadan gələn, eləcə də əks istiqamətdə gələn yüklər İran yox, bu yoldan keçəcək. İran bundan gələn pullardan məhrum olmaq istəmir.

Azərbaycan dəhlizlə bağlı Kalininqrad variantını təklif edib. Əslində, bu, dəhliz də deyil, sadəcə Azərbaycan öz vətəndaşları və yüklərinin keçidi üçün maneəsiz keçid istəyir. Söhbət Azərbaycandan Azərbaycana prinsipindən gedir. Biz sadəcə Zəngəzurdan keçib Naxçıvana getmək və əks istiqamətdə hərəkət etmək istəyirik. Bu təklif Ermənistan tərəfindən qəbul edilsə, canlarındakı dəhliz qorxusu da yoxa çıxacaq, təhlükəli bir şeyin olmadığını görəcəklər. Bu, İranın da “narahatlığını” aradan qaldıracaq. Yəni Tehranda anlayacaqlar ki, artıq geri dönüş yoxdur, sakitləşəcəklər.

Əslində, İran bilir ki, burada heç bir sərhəd dəyişikliyi və təhdiddən söhbət gedə bilməz. İran fırlayıb yolu öz ərazisinə salmaq istəyir, Ermənistandan da bunun üçün istifadə etməyə çalışır. Amma İrəvan Tehranın bicliyini duyub və açıq şəkildə bəyan edib ki, məqbul bir anlaşma çərçivəsində dəhlizin açılmasına razıdırlar.

40 kilometrlik Zəngəzur yoluna nəzarət uğrunda ABŞ və Rusiya kəskin rəqabət aparır. İran ümumiyyətlə buna qarşıdır. Hələlik Türkiyə prosesi susqunluqla izləyir. Azərbaycan isə bu məsələni sülh müqaviləsindən sonraya saxlayıb”.

Məhəmməd Əsədullazadə hesab edir ki, Zəngəzur regional məsələdən beynəlxalq geosiyasi maraq dairəsinə daxil olub: “Dəhlizə nəzarət uğrunda mübarizə aktiv fazaya keçib. Azərbaycan və Ermənistan tezliklə sülh müqaviləsini bağlayarsa, Zəngəzur Kalininqrad variantı ilə açıla bilər”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password