Bakının üzv olmaq istədiyi BRİKS-də kritik gəlişmə: Putin hərəkətə keçdi
Sentyabrın 11-12-də Rusiyanın Sankt-Peterburq şəhərində BRİKS-ə üzv və təşkilata tərəfdaş ölkələrin təhlükəsizlik şuralarının katiblərinin görüşü keçirilib. Toplantıda üzv ölkələrin terror və transmilli cinayətkarlığa qarşı birgə mübarizə üsulları müzakirə olunub. Üzv və tərəfdaş ölkələr qlobal təhlükəsizlik mövzuları ətrafında fikir mübadiləsi aparıblar.
Bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.
Məqalədə qeyd olunur ki, BRİKS-in zirvə toplantısı oktyabrda Rusiyanın Kazan şəhərində keçiriləcək:
“Təşkilata üzv olmaq istəyən dövlətlərin sayı artıb. Türkiyə və Azərbaycan da təşkilata üzv olmaq istəyir. Türkiyə xarici və təhlükəsizlik siyasətini şaxələndirməyə çalışır. Çin və Hindistandan başlayan nəqliyyat yollarının kəsişməsində yerləşən Azərbaycanın da BRİKS və Şanxay Əməkdaşlıq Təşkilatına marağı anlaşılandır.
Peterburqdakı toplantı çərçivəsində ikitərəfli görüşlər də keçirib. Çin xarici işlər naziri Vanq Yi Hindistan hökumətinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ajit Dovalla görüşüb. Müzakirələr zamanı iki ölkə arasında sərhədyanı ərazilərdə sülh və əmin-amanlığın qorunması, həmçinin ikitərəfli münasibətlərdə normallaşmanın davamının vacibliyi vurğulanıb. Tərəflər mübahisəli məsələlərin həlli üçün səylərini artıracaqlarını vəd ediblər. Hindistan və Çin Xarici İşlər Nazirlikləri nəzdində Məsləhətləşmə və Koordinasiya üçün İş Mexanizmi vasitəsilə gərginliyi azatlmağa çalışacaq”.
“Çünki iki ölkə arasında münasibətlər gərginləşəndə, sərhəddə toqquşmalar olanda, bu, bölgə ölkələrinin xarici və təhlükəsizlik siyasətinə də mənfi təsir edir. Digər tərəfdən, Çin və Hindistan BRİKS və Şanxay Əməkdaşlıq Təşkilatının üzvü olduqlarından münasibətləri də normallaşdırmağa çalışmalıdır. Bu, Rusiyanın da marağındadır. Əks halda üzv dövlətlər arasında gərginlik hər iki təşkilatı içəridən zəiflədə bilər.
Təsadüfi deyil ki, Rusiya Prezidenti Vladimir Putin Çin və Hindistan təmsilçiləri ilə ayrılıqda görüşüb. Putin Pekinlə Dehli arasında dialoqun genişlənməsində şəxsən maraqlıdır”.