İki ölkənin gözü Əliyevdə: Gedişat fərqli istiqamətə döndü
Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan və Rusiya, eləcə də Ukrayna və Rusiya arasında vasitəçi ola bilər.
Bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspert bildirib ki, Tiflis, Kiyev və Moskva yaxşı əlaqələrə malik olduğu Əliyevin vasitəçilik təşəbbüsündən imtina etməyəcək:
“Belə bir vasitəçilik missiyası istisna deyil. Qərbin təsirindən qurtulmağa çalışan Gürcüstan Rusiya ilə danışıqlara gedərək, Abxaziya və Cənubi Osetiyanı geri almaq üçün Bakının imkanlarından istifadə edə bilər. “Xarici agentlər haqqında” qanunun qəbulundan sonra Qərbin Gürcüstan siyasəti 360 dərəcə dəyişib. Amma Tiflisdə Qərblə əlaqələrin gərginləşməsindən narahat deyillər.
“Gürcü Arzusu” gələn ay keçiriləcək seçkilərdə qələbə qazandıqdan sonra Abxaziya və Osetiya ilə bağlı ciddi addımlar ata bilər. Bu nöqtədə Əliyevin Tiflis və Moskva arasında vasitəçi kimi önə çıxması mümkündür. Azərbaycan liderinin Tiflis və Moskva ilə yaxşı əlaqələri var. Üstəgəl, Azərbaycanın bu məsələdə heç bir iddiası yoxdur, tam qərəzsiz mövqedədir. Rusiya Prezidenti Vladimir Putinin Bakı səfərində bu məsələni İlham Əliyevlə müzakirə etdiyini də düşünürəm”.
Məhəmməd Əsədullazadə qeyd edib ki, Əliyev təkcə Gürcüstanla bağlı yox, həm də Ukrayna və Rusiya arasında vasitəçi ola bilər:
“Artıq Azərbaycan prezidenti bu barədə mesajını verib, məsələni İtaliyaya səfərində gündəmə gətirmişdi. Təsadüfi deyil ki, ötən gün Ukrayna Prezidenti Vladimir Zelenski tatar əsirlərin qaytarılmasında Azərbaycanın vasitəçi olduğunu açıqlayıb.
Beləliklə, Azərbaycanın Rusiya, Ukrayna və Gürcüstanla normal və yüksək səviyyəli əlaqələri onu qərəzsiz vasitəçi kimi önə çıxarır. Bu, Azərbaycanın həyata keçirdiyi balanslı və çoxşaxəli xarici siyasətinin nəticəsidir. Öz ərazilərini uğurlu və misli görülməmiş bir siyasətlə azad edən Azərbaycanın bu nailiyyətləri münaqişələrdən əziyyət çəkən ölkələr üçün də yaxşı bir nümunədir. Azərbaycan 44 günlük əməliyyatla öz ərazilərini uğurlu şəkildə azad etməsi həm də dünya siyasətində yeni bir səhifə açdı. O günlərdə Əliyevin yürütdüyü xarici siyasətin effektivliyi özünü ən yaxşı şəkildə göstərmişdi”.