ABŞ-nin Cənubi Qafqazla bağlı yeni məkrli həmləsi – İrəvan seçimə məcbur ediləcək
Cari ilin 5 aprelində Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinkenin görüşündən sonra Qərbin Cənubi Qafqazda 2-ci cəbhə qurmaq istiqamətində fəaliyyəti intensivləşib. Artıq bu məkrli planlarını həyata keçirmək üçün ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAID) Ermənistana 5 illik yardım paketini 2 dəfədən çox artıraraq, 120 milyon dollardan 250 milyon dollara çatdırıb. Bununla yanaşı, avqustun 1-də İrəvanın “Zvartnots” beynəlxalq hava limanından Rusiya sərhədçilərinin çıxarılması ilə paralel ABŞ Ermənistana silah və hərbi heyət göndərilməsinə və onun Zəngəzurda yerləşdirilməsinə başladı. Təbii ki, bütün bunlar Qərb ölkələrinin regionda Ermənistanı öz maşasına çevirmək istəyindən qaynaqlanır. Bu, həm də onu göstərir ki, Fransa tərəfindən Ermənistana göstərilən hərbi və siyasi dəstək bilavasitə Vaşinqtondan koordinasiya edilir. Halbuki ABŞ istər ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi, istərsə də guya vasitəçi kimi 30 il Azərbaycanın torpaqları işğal altında olanda səsini o qədər çıxarmayıb, Azərbaycanın ərazi bütövlüyünün və sərhəd toxunulmazlığını hazırda Ermənistanın sərhəd toxunulmazlığı qədər xatırlamayıb. Bunun bir səbəbi də USAID rəhbərinin tarixə qovuşan keçmiş qondarma rejimin keçmiş oyuncaq dövlət naziri Ruben Vardanyanla sıx əlaqələrinin olmasıdır. Əks halda, Vardanyanın maliyələşdirdiyi “Avrora” mükafat komitəsində USAID rəhbəri Samanta Pauerin nə işi vardı? Nə üçün heç ermənilərin vecinə olmayan Vardanyan və digər insanlıq əleyhinə cinayətlər törədən separatçıların Qərb tərəfindən mütəmadi olaraq azad edilməsinə çağırışlar edilir? Bu əlaqələr Pauerin ermənilərə dəstəyi və ABŞ dövlət maraqlarının reallaşdırılması ilə məşğul olan USAID-in erməni lobbisinin əlində olmasını bir daha nümayiş etdirir.
Mövzuya yerli və xarici ekspertlərlə aydınlıq gətirib.
Politoloq Qabil Hüseynli sözügedən situasiyanın təhlükəli olduğunu deyib:
“Amerika Birləşmiş Ştatları caynağını hara atırsa, orada mütləq hansısa dəyişiklik etmək və bununla da mövcudluğunu artırmaq istəyir. Düzdür, əvvəllər ABŞ sülh yaradıcısı kimi meydana çıxmışdı, sonradan bu istiqamətini dəyişdi. Fransa isə əvvəldən ermənipərəst mövqedə olub, Ermənistana həm silah göndərib, həm maliyyə yardımı edib, həm də beynəlxalq aləmdə onların müdafiəçisi rolunda çıxış edib. Ona görə də hazırkı vəziyyət bir az qarışıqdır”.
“Amma bununla yanaşı, sülh danışıqlarının yeni mərhələsinə də start verilib. Son olaraq Ermənistan Azərbaycana təkliflər paketi göndərib və onun üzərində müzakirələr gedəcək. Sülh müqaviləsinin bağlanmasına əvvəllər, yəni Azərbaycan müharibədən qələbə ilə çıxandan sonra ehtimal daha böyük idi. Sonradan Ermənistan öz xislətinə uyğun olaraq Qərb ölkələrini tovladı və onları öz tərəfinə çəkməyə nail oldu. Bununla da proseslər yubandı. Təəssüf ki, indi də analoji vəziyyət yaranıb”, -deyə analitik vurğulayıb.
Ekspert hesab edir ki, bu neqativ proseslər Azərbaycanın regionun ən güclü dövləti olduğu həqiqətini dəyişmir:
“Ona görə də Ermənistan razılaşmasa belə, sülh müqaviləsi mütləq bağlanmalıdır. Əks halda, bu məsələ yenidən gərginləşə bilər. Mən isə qarşıdurma olma ehtimallarında deyiləm, gec, ya tez sülh müqaviləsinin imzalanacağı qənaətindəyəm”.
Gürcüstanın sabiq təhsil və elm naziri, İliya Dövlət Universitetinin Beynəlxalq Qafqazşünaslıq Məktəbinin direktoru Gia Nodiyanın da sözlərinə görə, Ermənistan son vaxtlar Rusiyanın geosiyasi dominantlıq təsirlərindən xilas olmağa çalışır:
“Ermənistan xüsusən də təhlükəsizlik baxımından həmişə Rusiyadan asılı olub, indi isə Qərbə doğru istiqamət alır. Çünki Qərb, daha dəqiq desək Amerika Birləşmiş Ştatları Rusiyaya münasibətdə yeganə alternativdir. USAID-in Ermənistana yardımını ikiqat artırmaq qərarı da bu kursun təşviqidir.
ABŞ Cənubi Qafqazda müttəfiqlərinin olmasını istəyir. Ermənistan isə bu gün Cənubi Qafqazda müstəqil siyasət yürüdən Azərbaycan və Gürcüstandan fərqli olaraq ən qərbyönümlü dövlətdir. ABŞ-nin bu addımı da bundan qaynaqlanır. Ancaq bu, daha çox stimullaşdırıcı bir jestdir. Çünki bu yardım Cənubi Qafqazın siyasətində əhəmiyyətli heç nəyi dəyişə bilməz”.
Rusiyalı politoloq Boqdan Bazpalko da hesab edir ki, bu, Amerika Birləşmiş Ştatlarının Ermənistanda təsirini gücləndirmək cəhdləri ilə əlaqələndir:
“Bununla belə, qeyd etməliyəm ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) tərkibindən çıxmır və Rusiyanın ölkədəki varlığından imtina etmir. Düzdür, Rusiya sərhədçiləri İrəvanda “Zvartnots” hava limanına artıq nəzarət etmir, lakin buna baxmayaraq, Ermənistan ərazisində Rusiyanın hərbi bazası, dolayısı ilə hərbi mövcudluğu davam edir.”
“Hələ ki, bütün bunlar Ermənistan rəhbərliyinin ikili davranışını nümayiş etdirir. Bu isə gec-tez daha əhəmiyyətli, daha ciddi qərarlara gətirib çıxarmalıdır. Yəni Ermənistan rəhbərliyi hansısa bir dövlətin və ya blokun xeyrinə seçim etməyə məcbur ediləcək”, – deyə rusiyalı ekspert vurğulayıb.