“Ukraynalılar sülh istəyir, hərbçilər isə…” – “Döyüşənlərlə döyüşməyənlər arasında sədd yaranıb”

 

Ukraynada rəy sorğuları göstərir ki, ötən ilki uğursuz yay əks-hücumundan sonra Rusiya ilə danışıqlara dəstək artıb, baxmayaraq ki, əksər ukraynalılar hələ də Rusiyanın işğal etdiyi bütün torpaqların qaytarılması üçün mübarizəni davam etdirmək istədiklərini deyirlər.

“The Wall Street Journal”-da Ukrayna müharibəsi mövzusunda dərc edilən son yazıda belə deyilir. Lakin məqadələ qeyd olunur ki, əhalinin əhəmiyyətli hissəsindən fərqli olaraq, Rusiya ilə hər hansı sövdələşmənin qəti əleyhinə olan əsas “açar qrup” var – hərbçilər.

Qəzet yazır ki, hərbçilərin mövqeyi ərazi güzəştləri hesabına olsa belə sülh istəyən bir çox ukraynalıların mövqeyindən kəskin fərqlənir. Xüsusilə də artıq müharibədə döyüşmüş veteranlar cəmiyyətin müharibəyə adekvat münasibət göstərməməsindən narazıdırlar: “Son sorğuya görə, veteranların və həqiqi hərbi qulluqçuların yalnız 18%-i Ukraynanın danışıqlar yolu ilə müharibəyə son qoymağa çalışmalı olduğuna inanır. Bu, sorğuda iştirak edən demoqrafik qruplar arasında ən aşağı göstəricidir. Hətta əsgər və veteranların 15%-i rəsmi Kiyevin onların razılaşmadıqları sülh müqaviləsi imzalayacağı təqdirdə hərbi birləşmələr yaradaraq, etiraza qalxacaqlarını deyiblər”.

Eyni zamanda, hərbçilərin əhəmiyyətli hissəsi Ukraynanın müharibəni davam etdirmək iqtidarında olduğunu düşünürlər. Qəzet tanınmış ukraynalı siyasi fəal, Üçüncü Hücum Briqadasının komandiri Andrey Biletskidən sitat gətirib. Biletski deyib ki, cəmiyyətdə müharibə yorğunluğu yığılsa da, “heç bir hərbi fəlakət baş verməyib”.

Hərbçilərin çoxu əmindir ki, əgər sülh müqaviləsi əldə olunarsa, Putin müharibədəki fasilədən Rusiya ordusunu yenidən təchiz etmək, gücləndirmək üçün istifadə edəcək və sonra növbəti dəfə Ukraynanı işğal etməyə qalxacaq. Eyni zamanda, hərbçilər arasında hesab olunur ki, Ukrayna sadəcə olaraq öz ərazilərni Rusiyaya verməyə razılaşsa, həlak olmuş yoldaşlarının qanı və zəhməti boşa çıxacaq… 

Eyni zamanda, sorğular geniş ictimaiyyətin Putinlə sövdələşmələrə şübhə ilə yanaşdığını göstərsə də, bir çoxları, xüsusən də gənclər, müharibəni dayandırmaq xatirinə hətta Ukrayna üçün uyğun olmayan sülh şərtlərini də qəbul etməyə hazırdırlar: “Zaporojyedən olan Alla Pronina deyir ki, keçən ilki əks-hücumdan sonra danışıqların mümkünlüyünü yenidən nəzərdən keçirməyə başlayıb. İndi əri müharibədə olduğu üçün o, sülh müqabilində Rusiyanın indi işğal etdiyi bütün ərazilərdən imtina etməyə hazırdır”.

Qəzet yazır ki, Ukraynanın şərqində döyüşən bir çox hərbçilər döyüşən kütlə ilə ölkənin böyük şəhərlərində yaşayan və müharibədən xəbərsiz olan sakinlər arasında sədd yarandığını deyirlər.

Eyni zamanda, Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru Vladimir Dubovikin qeyd etdiyi kimi, ictimai rəyin dəyişməsi Prezident Volodimir Zelenskiyə hansısa sövdələşmə bağlamaq imkanı verəcək: “İnsanların Rusiya ilə danışıqlara daha çox həvəsli görünməsi faktı böyük dəyişiklikdir”.

Lakin o, əlavə edib ki, istənilən atəşkəs ciddi siyasi risklərə səbəb olacaq: “Bir çox ukraynalılar yəqin ki, bunu pis razılaşma kimi görəcəklər”.

Xatırladaq ki, Prezident Volodimir Zelenski son müsahibəsində Kiyevin öz tərəfdaşları ilə birlikdə növbəti sülh sammitində baxılmalı olan plan hazırladığını deyib və bu sammitdə Rusiyanın da iştirakının vacib olduğunu qeyd edib.

Bununla belə, Rusiya xəbərdarlıq edir ki, Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin bərpasını nəzərdə tutduğu üçün Kiyevin təklif etdiyi sülh formuluna razı olmayacaq. Əvəzində, Putin bir neçə gün əvvəl deyib ki, danışıqlar 2022-ci ilin yazında hazırlanmış “İstnabul razılaşmaları” əsasında aparılmalıdır. Bu plan isə Ukraynanın faktiki kapitulyasiyasını nəzərdə tutur…/azpolitika.info 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password