Rusiyadan Zəngəzur mesajı: “İranla ciddi məşğul olmağa başlamışıq”

 

İranın Zəngəzur dəhlizi məsələsi ilə bağlı yaratdığı gərginlik sünidir.

Bunu rusiyalı politoloq Stanislav Tarasov deyib.

“İranda müəyyən dairələr Rusiya ilə əlaqələrdə problem yaratmaq üçün Lavrovun Zəngəzur dəhlizi ilə bağlı açıqlamasından istifadə edirlər. İranda Rusiya əleyhinə aparılan bu təbliğat və gərginlik süni xarakter daşıyır. Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan, Rusiya və Ermənistana hansısa tələb və iddialar səsləndirmək əsassızdır. Çünki 10 noyabr müqaviləsində Zəngəzur dəhlizindən bəhs edilmir, yalnız kommunikasiyaların açılmasından (maneəsiz keçid – red.) danışılır. Yəni bu, süni və şişirdilmiş, uydurulmuş problemdir, məqsədi Rusiya-İran münasibətlərində problem yaratmaqdır. Rusiyada da bu problemi şişirdirlər”, – ekspert bildirib.

Tarasov İranda bu problemi qabartmağa çalışan qüvvələrə də diqqət çəkib:

“İranda belə qüvvələr var. Bizim Tehranla strateji əməkdaşlığımız olsa da, Şimal-Cənub dəhlizini qursaq da, İranı rusiyayönümlü ölkə hesab etmirik. İranda şərti olaraq qərbyönlü liberallar və demokratlar var, mühafizəkarlar və SEPAH isə əsasən Rusiya ilə əməkdaşlığa üstünlük verir.

Liberallar və islahatçılar rusiyapərəst deyillər, hamısı qərbpərəstdir, hətta indiki Azərbaycan əsilli Prezident Pezeşkianın da əksər bəyanatları və mesajları Qərblə münasibətlərin normallaşmasına yönəlib. Pezeşkian hərdən Rusiya və Çinin adını çəkir. Rusiya hələ yenicə İranla ciddi məşğul olmağa başlayıb. İranda o qədər də aktiv rusiyayönlü lobbiçilik yoxdur, bu, özünü hiss etdirir. Bəzi qüvvələr Qərbin dəstəyi ilə Ukrayna münaqişəsi kontekstində Rusiya-İran münasibətlərini korlamağa çalışırlar”.

Tarasovun iddiasına görə, hazırda Rusiya kəşfiyyatı İranda yaxşı işləyir.

Rusiyanın İrandan ballistik raketlər alması iddiasına gəlincə, politoloqun fikri belə olub: “İndi deyirlər ki, İran Rusiyaya raket verir. Biz özümüz raket istehsal edirik. Bizim raketlərimiz də bizə bəs edir, bizə başqalarının raketləri lazım deyil – nə Koreya, nə də İranın. Hamısı nağıldır”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password