Rəisinin ölümü ilə bağlı yekun hesabat açıqlanıb – Qəzanın səbəbi məlum olub

 

İranın keçmiş prezidenti İbrahim Rəisinin ölümü ilə nəticələnən helikopter qəzası ilə bağlı yekun hesabat açıqlanıb.

Hesabatda qəzanın əsas səbəbi olaraq “mürəkkəb iqlim şəraiti” və “qəflətən qalxan sıx duman qatı” göstərilib. Qəzanın təxribat nəticəsində baş vermədiyi bildirilib.

İran Baş Qərargahına bağlı yüksək səviyyəli ekspert komitəsinin hazırladığı hesabatda qəzanın texniki, meteoroloji və əməliyyat ölçülərinin dərindən araşdırıldığı, qəzanın baş verdiyi gündən bəri bütün texniki və təmir işlərinin aparıldığı vurğulanıb.

Hesabatda qəzadan əvvəl uçuş missiyası ilə bağlı sənədlərdə helikopterin Prezident Aparatının müraciətindən tutmuş helikopterin istismara verilməsinə qədər olan bütün proseslər təfərrüatlı şəkildə ortaya qoyulub.

Hesabatda qəza zamanı helikopterin əvvəlcədən müəyyən edilmiş uçuş marşrutundan kənara çıxmadığı və pilotun istifadə edilən uçuş məlumatlarını düzgün şəkildə izlədiyi deyilir.

Məlumatda bildirilir ki, helikopterin qalan hissələrində, mühərriklərində, elektrik ötürücü sistemlərində və elektron avadanlıqlarda aparılan yoxlamalarda qəzaya səbəb ola biləcək hər hansı texniki nasazlıq və ya təxribat əlaməti aşkar edilməyib.

Xatırladaqki, mayın 19-da Şərqi Azərbaycan əyalətində baş verən helikopter qəzasında aralarında İran prezidenti və xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan da daxil olmaqla 8 nəfər həlak olub.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password