Dolları 2 manata qaldırmaq istəyirlər… – Nə etməli?

 

“Son vaxtlar cəmiyyətdə dolların bahalaşacağından dolayı ciddi narahatlıq var. Bu barədə düşünənlər arasında hakim fikir ondan ibarətdir ki, bir dollar iki manata qədər bahalaşa bilər. Maraqlıdır, dolların kursu dünyada ucuzlaşmağa doğru meylli olduğu, ABŞ-ın dövlət borcu maksimum həddə – 6 trilyon dollara çatdığı, Amerika dövlət büdcəsinin defolt (müflisləşmə) ərəfəsində olduğu bir dövrdə Azərbaycan vətəndaşlarının dolların bahalaşmasından dolayı əndişəsi nədən qaynaqlanır?” – bu açıqlama ilə iqtisadçı-ekspert Akif Nəsirli çıxış edib.

O daha sonra əlavə edib: “Əvvəla onu qeyd edək ki, ölkə əhalisinin bu istiqamətdə yaxın keçmişdən qalan bir təcrübəsi var – 2015-ci ildə baş verənləri hələ cəmiyyət unutmayıb. Həmin vaxt baş verən devalvasiyadan əvvəl nələr baş verdiyini, hər ay hərraclarda nə qədər dollar satıldığına yalnız peşəkar iqtisadçılar diqqət yetirirdi. Amma devalvasiya baş verəndən sonra bütün cəmiyyətə izah edildi ki, bu proses ölkənin valyuta ehtiyatlarının “əriməsinə” bağlı olan məsələdir. Devalvasiya baş verməsə idi, bir neçə ay ərzində hökumətin valyuta ehtiyatları – maliyyə “yastığı” tamamilə tükənəcəkdi və Mərkəzi Bankın əlində hərraca çıxarmağa valyuta qalmayacaqdı. Nəticədə ölkəyə yerli tələbat mallarının idxalında ciddi problemlər yarana, mağazalarımızın vitrinləri boşala, ciddi ərzaq və digər gündəlik tələbat mallarının çatışmazlığı baş verə bilərdi.

Hazırda yuxarıda qeyd edilən dövrə bənzər şəkildə kommersiya banklarının dollara tələbatı artıb. Belə ki, 2024-cü ilin yanvar-avqust aylarında Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən 62 valyuta hərracında 4 milyard 795.2 milyon ABŞ dolları satılıb. AMB öz ehtiyatları hesabına valyuta satışları həyata keçirir. AMB-nin məlumatına görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.1 dəfə çoxdur. Belə ki, ötən ilin yanvar-avqust aylarında keçirilən valyuta hərraclarında banklara 2 milyard 296.1 milyon ABŞ dolları satılıb. Cari ilin avqust ayında keçirilən 9 valyuta hərracında isə valyuta satışının məbləği 649.1 milyon dollar təşkil edib. Bu baxımdan cəmiyyətin narahatlığı anlaşılandır.

Amma məsələ burasındadır ki, 2015-ci ildə baş verən devalvasiya ərəfəsində neftin dünya bazarında qiyməti kəskin ucuzlaşaraq, bir bareli 18-20 dollara qədər düşmüşdü. Ona görə də, bir tərəfdən dollara tələbat valyuta ehtiyatlarını sürətlə əridir, digər tərəfdən isə neft satışından gələn cüzi valyuta itkiləri bərpa edə bilmirdi. Bu halda hökumətin devalvasiyadan başqa seçim imkanı qalmırdı”.

Dia-az.İnfo bildirir ki, “bəs indi vəziyyət necədir, həmin dövr tamlığı ilə təkrarlanırmı?” sualına cavabında isə A.Nəsirli bunları deyib: “Hazırda ötən ilin eyni dövrü ilə müqayisədə dollara tələbat 2,1 dəfə artsa da, bu ilin 8 ayı ərzində AMB-nin valyuta ehtiyatları azalmayıb, əksinə artıb. Belə ki, 31.01.2024-cü il tarixə AMB-nin valyuta ehtiyatı 11 milyard 637 milyon ABŞ dolları olduğu halda, 31.07.2024-cü il tarixdə bu göstərici 11 milyard 765.7 milyon ABŞ dolları təşkil edib. Bu isə o deməkdir ki, valyutaya tələbat artsa da, hökumətin manatın məzənnəsini qorumaq üçün bütün imkanları 2015-ci ildəki kimi tükənməyib. Bu imkan isə neft-qazın qiymətlərinin dünya bazarında sabitləşməsi və ölkənin müəyyən qədər qeyri-neft sektoru məhsullarının ixracıdır. Çünki idxal ölkə daxilində valyutaya tələbatı artırır, ixrac isə bizə valyuta gətirir. Bu balans müsbət saldoya malikdirsə, ölkə daxilində heç bir maliyyə problemi gözlənilmir. Bu ilin 8 ayı ərzində təxminən 4,9 milyard dollar hərraclarda satılsa da, ölkəyə ümumi ixracatdan 20 milyard dollardan çox vəsait daxil olub. Yəni müsbət saldomuz 15 milyard ABŞ dolları təşkil edir.

Nəticə olaraq qeyd edək ki, yalnız bir indiqator üzrə – ölkə daxilində dollara tələbatın artması manatın dollara nisbətən məzənnəsinin ucuzlaşmasına, yəni dolların bahalaşmasına təhdid yaradır. Digər indiqatorlar isə sabit olaraq qalır. Yəni hökumətin hazırkı kursu sabit saxlamaq üçün geniş imkanları var.

Lakin biz arzu edərdik ki, hökumət qeyri-neft sektorunun istehsal və ixrac potensialını artırmaqla, ölkə daxilində xarici valyutaya tələbatı azaltmağa nail olsun və manatı sərbəst dəyişən valyuta kimi “üzən məzənnə” rejimində tənzimlənməsinə keçsin”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password