Universitetlərə boş qalan plan yerlərinin sayı açıqlanıb
Birinci mərhələdən sonra I ixtisas qrupu üzrə 1304, II ixtisas qrupu üzrə 246, III ixtisas qrupu üzrə 400, IV ixtisas qrupu üzrə 463, V ixtisas qrupu üzrə isə 348 plan yeri boş qalıb.
Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə universitetlərə qəbulun nəticələri ilə bağlı keçirdiyi brifinqdə deyib.
DİM sədri bildirib ki, ayrıca ali təhsil müəssisələrinə gəldikdə I mərhələdən sonra tələbə qəbulu aparılan 44 ali təhsil müəssisəsinin 25-də plan yerləri 95%-dən çox, o cümlədən 8 ali təhsil müəssisəsində (Azərbaycan Tibb Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, ADA Universiteti, Azərbaycan Dövlət Dəniz Akademiyası, Bakı Ali Neft Məktəbi, Dövlət Gömrük Komitəsinin Akademiyası, Azərbaycan İlahiyyat İnstitutu, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası) 100 % dolub.
Məleykə Abbaszadə bildirib ki, ali təhsil müəssisələrinə tələbə qəbulu zamanı plan yerləri ən çox II ixtisas qrupunda dolub (98.29%).
Onun sözlərinə görə, burada plan yerlərinin sayı imtahan verən və müsabiqədə iştirak etmək hüququ olan abituriyentlərin sayından çox olsa da, əvvəlcədən də proqnoz edildiyi kimi subbakalavrların şansı var idi və onların hesabına dolma göstəriciləri yüksəkdir.
M.Abbaszadə bildirib ki, ən çox subbakalavr (3549 nəfər) da məhz II qrup üzrə ixtisaslara qəbul olunub: “I qrup üzrə də subbakalavrların imkanları var idi və 3053 nəfər qəbul olunub. I, III, IV və V ixtisas qruplarında plan yerləri müvafiq olaraq 93.37%, 97.38%, 89.96% və 92.20% dolub”.
DİM sədri bildirib ki, ali təhsil müəssisələrinin qəbul planı 95.27% dolub.
Onun sözlərinə görə, müsabiqənin nəticələrinə əsasən 55 656 nəfəri (o cümlədən 7287 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub: “27 117 (o cümlədən 1579 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 28539 (o cümlədən 5708 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib”.
M.Abbaszadə bildirib ki, qeyd olunan rəqəmləri ötən ilin müvafiq məlumatları (I mərhələdən sonra qəbulun nəticələri) ilə müqayisə etsək, bu il tələbə adını qazananların sayı daha da artıb: “Ötən ilə nisbətən bu il tələbə olanların sayı 3 715 nəfər daha çoxdur. Bu il həmçinin dövlət sifarişi əsasında qəbul olunanların sayı da ötənilki göstəricidən 2 523 nəfər çoxdur. Ümumiyyətlə son illər qəbul planında dövlət sifarişli yerlərin sayının artırılması nəticəsində ödənişsiz oxumaq imkanı əldə edən tələbələrin sayı çoxalmaqda davam edir”.