60 təşkilat Aİ-ni İsrailə qarşı sanksiyalar tətbiq etməyə çağırdı – “Misli görünməmiş sayda jurnalist öldürülüb”
60 media və hüquq müdafiə təşkilatı Avropa İttifaqını işğalçı İsrail rejimini Qəzzada jurnalistləri qətlə yetirməkdə ittiham edərək, Təl –Əvivlə əməkdaşlıq sazişini dayandırmağa və bu ölkəyə qarşı sanksiyalar tətbiq etməyə çağırıb.
Qrup bu barədə birgə bəyanat yayıb: “HƏMAS ilə müharibə başlayandan bəri İsrail hakimiyyəti tərəfindən misli görünməmiş sayda jurnalistin öldürülməsinə və mətbuat azadlığının təkrar pozulmasına cavab olaraq, Sərhədsiz Reportyorlar (RSF) və 59 digər təşkilat Avropa İttifaqını Assosiasiya Sazişini dayandırmağa çağırır. İsrail ilə əlaqə saxlamalı və məsuliyyət daşıyanlara qarşı məqsədyönlü sanksiyalar tətbiq etməlidir”.
Bu çağırış Aİ xarici işlər nazirlərinin avqustun 29-da Brüsseldə keçiriləcək iclasından əvvəl verilib.
Məktubda deyilir ki, HƏMAS-ın 7 oktyabr 2023-cü ildə İsrailə hücumundan və İsrailin Qəzza zolağına dağıdıcı cavab hücumundan sonrakı dövr jurnalistlər üçün onilliklərin ən ölümcül dövrü olub: “Oktyabrın 7-dən bəri Qəzzada İsrail silahlı qüvvələri tərəfindən 130-dan çox Fələstindən olan jurnalist və media işçisi öldürülüb. Onlardan ən azı 30-u iş zamanı qətlə yetirilib. Üç livanlı jurnalist və bir israilli jurnalist də eyni müddət ərzində öldürülüb. Jurnalistlərin məqsədyönlü və ya ayrı-seçkilik olmadan öldürülməsi, istər qəsdən, istərsə də ehtiyatsızlıqdan törədilsə də, müharibə cinayətidir” .
Aİ-nin üzv olmayan ölkələrlə assosiasiya sazişləri ikitərəfli münasibətləri, o cümlədən ticarəti tənzimləyən müqavilələrdir.
RSF-nin Brüssel ofisinin rəhbəri Julie Majerczak bildirib ki, sazişin 2-ci maddəsi “insan hüquqlarına və demokratik prinsiplərə hörməti” nəzərdə tutur.
“İsrail hökuməti açıq şəkildə bu maddəni tapdalayır. İsrailin aparıcı ticarət tərəfdaşı olan Aİ bundan lazımi nəticələr çıxarmalı və Netanyahu hökumətinin jurnalistləri qətlə yetirməyi dayandırmasını, medianın Qəzzaya çıxışını açmaqla məlumat və mətbuat azadlığı hüququna hörmət etməsi üçün hər şeyi etməlidir ” – deyib.
Sənədi imzalayanlar arasında Jurnalistləri Müdafiə Komitəsi (CPJ) və Human Rights Watch (HRW) var. /azpolitika. info