“Bölgədə vəziyyət tamamilə dəyişəcək, Azərbaycan…” – Tarasov

 

Ermənistan Cənubi Qafqazda faktiki olaraq, geosiyasi təcrid vəziyyətindədir.

Bunu rusiyalı politoloq Stanislav Tarasov deyib.

“Putinin Bakı səfərini müsbət qiymətləndirirəm, vaxtında edilmiş səfər idi. Əgər əvvəllər Rusiya liderləri Cənubi Qafqaza səfərləri zamanı əvvəlcə İrəvan, sonra Bakıya və ya əksinə səfər edirdilərsə, indi bu səfər fərdi xarakterdə oldu. Bu, mühüm parametri müəyyən edir: strateji əməkdaşlıq perspektivləri, Şimal-Cənub dəhlizi kimi birgə layihələrdə iştirak, Azərbaycanın postsovet məkanına potensial inteqrasiyası, Avrasiya İqtisadi Birliyi, Şanxay Əməkdaşlıq Təşkilatı və hətta BRİKS-ə mümkün üzvlüyü. Necə deyərlər, qapılar Bakıya bağlanmır. Bu birincidir.

İkincisi, Bakı-Moskva-Tehran üçbucağında strateji əməkdaşlıq imkanları nəzərdən keçirilir. Yeri gəlmişkən, bu, bütün Cənubi Qafqazın konfiqurasiyasını tamamilə dəyişəcək. Praktikada necə olacağını görəcəyik, amma nəzəri olaraq hər şey düzgündür”, – ekspert bildirib.

Tarasov bölgədəki mümkün dəyişikliyin Ermənistana təsirlərinə də toxunub:

“Ermənistan haradadır? Ermənistandan yalnız sülh müqaviləsinin imzalanmasının mümkünlüyü kontekstində danışılır. Zəngəzur dəhlizi probleminin həll olunduğunu söyləyirlər, indi görəcəyik ki, ermənilər öz Zəngəzur dəhlizlərini necə satacaqlar, kimlərin yemi olacaq. Ankara və Bakı Zəngəzur dəhlizinin yeni istiqamətinin İrandan keçəcəyi barədə razılığa gəlib, bu, təsadüfi deyil. Gedişat onu deməyə əsas verir ki, İrəvandakı problemlər ikinci-üçüncü plana keçəcək”.

 

Rusiyalı politoloq regiondakı durumun Ermənistanın xeyrinə olmadığını qeyd edib:

“Ermənistan faktiki olaraq, geosiyasi təcrid vəziyyətindədir. Azərbaycanla razılaşma yoxdur. İranla da münasibətlər ona görə gərginləşib ki, Tehran İrəvanla Qərb arasında münasibətlərin dinamikasını bəyənmir. Xüsusi nümayəndələrin nələrisə razılaşdırmasına baxmayaraq, Türkiyə ilə də heç nə işləmir, üstəgəl, türklər Azərbaycanla sülh müqaviləsi imzalanmadan heç nəyə imza atmayacaqlarını deyirlər. Ermənistanın potensial tərəfdaşlarına – Qərb və ya AB-yə gəlincə, onlar çox uzaqdadırlar və Ermənistana deklorativ bəyanatlardan, cüzi maliyyə yardımından, olsa, hərbi dəstəkdən başqa heç nə təklif edə bilməzlər”.

Tarasovun fikrincə, Cənubi Qafqazdakı mümkün köklü dəyişiklik Azərbaycanın bölgədəki lider rolunu daha da gücləndirəcək.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password