Azərbaycan-Rusiya münasibətləri yeni inkişaf mərhələsində
Azərbaycan-Rusiya münasibətləri tarixi, siyasi və iqtisadi əlaqələrin möhkəmlənməsi baxımından hər zaman xüsusi əhəmiyyət daşıyıb. Bu münasibətlərin əsas sütunları dövlətlərin müstəqilliyi, ərazi bütövlüyü, bərabərhüquqluluq və daxili işlərə müdaxilə etməmək prinsipləri üzərində qurulub.
Vladimir Putinin Azərbaycana səfəri və Rusiya-Azərbaycan münasibətləri
SSRİ-nin dağılmasından sonra müstəqilliyini bərpa edən Azərbaycan bir çox post-sovet ölkələri kimi, Rusiyanın təsirindən qurtulmağa çalışırdı. Lakin zaman keçdikcə, Azərbaycanın müstəqil xarici siyasəti və iqtisadi inkişafı ilə yanaşı, Rusiya ilə münasibətlərin də mühüm olduğu anlaşıldı. Vladimir Putinin Azərbaycana səfərləri və onun Prezident İlham Əliyevlə sıx əməkdaşlığı iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir. SSRİ-nin dağılmasından sonra ilk dəfədir ki, Rusiya lideri Azərbaycanla bu qədər sıx münasibətlər qurub. Putinin prezidentliyi dövründə ümummilli lider Heydər Əliyevin və Vladimir Putinin səyləri nəticəsində Rusiya-Azərbaycan münasibətləri normallaşmağa başladı və sonrakı dövrdə Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bu münasibətlər daha da inkişaf etdi.
Rusiya dünyanın aparıcı ölkələrindən biri olaraq, BMT Təhlükəsizlik Şurasının daimi üzvü və regional güc kimi Azərbaycan üçün vacib tərəfdaşdır. Azərbaycanla Rusiya arasında münasibətlərin düzgün inkişafı 2020-ci ildəki 44 günlük müharibə və 2023-cü il antiterror əməliyyatlarında Ermənistanın tərəfində durmamasına gətirib çıxarıb. Bu, Prezident İlham Əliyevin Rusiyanın siyasətində etdiyi köklü dəyişikliklərin nəticəsi kimi qiymətləndirilməlidir.
İqtisadi əlaqələrin inkişafı
Bu gün Azərbaycanla Rusiya arasında iqtisadi əlaqələr də yüksək səviyyədədir. 2023-cü ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 17 faiz artaraq 4.5 milyard dollara çatıb. 2024-cü ildə bu göstəricinin daha da artacağı gözlənilir. Burada sənaye, kənd təsərrüfatı, turizm və tranzit axını kimi sahələr xüsusi əhəmiyyət kəsb edir. İqtisadi-ticarət əlaqələrinin bu yüksəlişi hər iki ölkənin mövcud potensialına əsaslanır və beynəlxalq sanksiyalardan təsirlənməyib.
Şimal-Cənub nəqliyyat dəhlizi sahəsində əməkdaşlıq isə iki ölkə arasında daha bir mühüm istiqamətdir. Bu dəhlizin inkişafı Azərbaycanın dünya miqyasında tranzit qovşağı kimi mövqeyini daha da möhkəmləndirir və iki ölkə arasındakı iqtisadi əməkdaşlığın genişlənməsinə xidmət edir.
Azərbaycanın müstəqil siyasəti
Azərbaycanın müstəqil xarici siyasəti milli maraqlar çərçivəsində bütün tərəflərlə əməkdaşlıq etməyə yönəlib. Azərbaycan həm Qərb, həm də Rusiya, İran və digər ölkələrlə yaxşı əlaqələr saxlayır. Qoşulmama Hərəkatının fəal üzvlərindən biri kimi Azərbaycan hərbi-siyasi bloklara qoşulmur və bu da onun balanslı siyasətini nümayiş etdirir.
Azərbaycanın Rusiya və Ukrayna ilə yaxşı münasibətləri də diqqətəlayiqdir. Avropa İttifaqı Ukrayna vasitəsilə Rusiya qazının alınmasından imtina etdikdən sonra bu sahədə yaranan boşluğu doldurmaq üçün Azərbaycanla əməkdaşlığı gücləndirməyə çalışır. Azərbaycanın həm Rusiya, həm də Ukrayna ilə mövcud olan yaxşı əlaqələri onun sülh vasitəçisi kimi potensialını artırır və dünyada dialoq məkanı kimi tanınmasını təmin edir.
Prezident İlham Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan-Rusiya münasibətləri yüksək səviyyədə inkişaf edir. Bu münasibətlər regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmlənməsinə, Azərbaycanın milli maraqlarının qorunmasına və müstəqil siyasətinin davam etdirilməsinə xidmət edir. Azərbaycan və Rusiya arasında qurulmuş dostluq əlaqələri regional və beynəlxalq səviyyədə qarşılıqlı faydalı əməkdaşlığın təməlini təşkil edir./trend.az