Azərbaycanda 25 milyon dollarlıq “SABAH.fund” vençur fondu yaradıldı

 

“SABAH.HUB” İnnovasiya Mərkəzi 25 milyon dollarlıq vençur kapital fondu olan “SABAH.fund”un yaradılmasını böyük qürurla elan edir. Fond, Mərkəzi Asiya, Yaxın Şərq və Şimali Afrika (MENA) regionlarını əhatə edən ilk vençur kapital fondu olaraq ilkin investisiya mərhələsinin bağlanışında (“first close”) 11 milyon dollar cəlb etməklə Azərbaycanın ən böyük vençur kapital fonduna çevrilib.

“SABAH.fund”un əsas tərəfdaşları Rəhim Bayramlı və Abbas Kazmidir, investorları arasında isə “Moonwake Investment”, SOCAR, “Integrity Group”, Azərbaycan İnvestisiya Şirkəti və digər şirkətlər yer alır. “SABAH.fund” sərhədləri aşan bir vençur kapital fondu olaraq, SABAH.HUB İnnovasiya Mərkəzinin “Techplomacy” təşəbbüsünə dəstək vermək məqsədi daşıyır. Fond, innovativ sahibkarları dəstəkləyərək, əsas sahələrdə və sürətlə inkişaf edən regionlarda texnoloji irəliləyişlərə təkan verməyi hədəfləyir.

Fondun investisiya strategiyasına görə birinci dərəcəli sahələr “FinTech”, “CleanTech” və “EdTech”-dir. İkinci dərəcəli sahələr isə rəqəmsal sağlamlıq, “AgriTech”, “PropTech” və “LogisticsTech”dir. “SABAH.fund” regionda ən perspektivli və yenilikçi texnologiya startaplarına toxumdan əvvəlki (pre-seed) və toxum (seed) mərhələlərində investisiya edəcəkdir.

Fondun idarə olunması geniş təcrübəyə malik olan Rəhim Bayramlı və Abbas Kazmi tərəfindən həyata keçirilir. Rəhim Bayramlı, “SABAH.HUB” İnnovasiya Mərkəzinin icraçı direktorudur. O, London İqtisadiyyat Məktəbinin (LSE) məzunu olaraq, əvvəllər “McKinsey”də strateji məsləhətçi kimi çalışmış, həmçinin “Push30” və “LANDAU School” kimi bir neçə uğurlu layihənin həmtəsisçisidir. Abbas Kazmi isə “Forbes 30 Under 30”, “Maserati 100” kimi nüfuzlu mükafatlarla təltif olunmuş sahibkar və vençur kapital investorudur. O, həmçinin Oksford Universitetinin məzunu və Said Biznes Məktəbində Sahibkarlıq Eksperti kimi fəaliyyət göstərib.

Rəhim Bayramlı fondun gələcəyi ilə bağlı fikirlərini bölüşüb: “SABAH.fund” qlobal ambisiyaları olan şirkətləri dəstəkləməyə sadiqdir. Məqsədimiz Qafqaz, Orta Asiya və “MENA” regionlarında texnologiya və təhsil üçün innovasiya körpüləri qurmaqdır”. Abbas Kazmi isə qeyd edib ki: “SABAH.fund”, investorlar üçün həm yüksək maliyyə gəlirləri əldə etməyi, həm də əhəmiyyətli tarixi dəyişikliklərə səbəb olmağı hədəfləyir”.

“SABAH.HUB” İnnovasiya Mərkəzi, üç illik fəaliyyət dövründə yüzlərlə startapın inkişafına dəstək olmuş və minlərlə şəxsin innovasiya ekosistemi haqqında məlumatlanmasını təmin edib. “SABAH.HUB”ın əsas missiyası, vençur kapitalı və insan kapitalının inkişafı vasitəsilə startap ekosistemini böyütməkdir. “SABAH.fund”ın istifadəyə verilməsi isə innovativ həlləri tam şəkildə dəstəkləməyə hazır olduğumuzu göstərir.

Daha ətraflı məlumat üçün: sabahhub.com/fund

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password