Putinin devrilməsi ssenarisi – Təkcə Kurskun ələ keçirilməsi kifayətdirmi?
Ukrayna ordusunun Rusiya ərazisinə gözlənilməz hücum əməliyyatı uğurlu alındı və indi Moskva yeni reallıqla üz-üzə qalıb. Yaranmış mürəkkəb vəziyyətdən çıxmağa çalışan Vladimir Putin qısa zaman fasiləsindən sonra həmişəki adətinə uyğun olaraq yenə də baş verənlərə görə başqalarını günahlandırdı.
Rusiya hakimiyyətinin mahiyyəti heç bir halda dəyişmir. Ukraynanın Kursk vilayətinə daxil olması artıq müharibənin Rusiya torpaqlarına keçməsinin başlanğıc nöqtəsidir. Düzdür, indiyədək Ukrayna dronları Rusiyadakı hərbi bazalara və infrastruktur obyektlərinə çoxsaylı zərbələr endiriblər. Lakin artıq müharibənin yeni fazasında bu zərbələrin intensivliyi və dağıdıcı gücü artacaq. Bir müddətdən sonra tamamilə mümkündür ki, Ukrayna öz istehsalı olan uzaq mənzilli ballistik raketlərlə də Rusiya dərinliklərinə zərbələr vursun.
Amma Ukrayna hakimiyyətinin qazandığı uğurlardan eyforiyaya düşmək lüksü yoxdur və o, anlayır ki, müharibə qeyri-müəyyən vaxtadək uzanacaq, Qərb isə özünün ikibaşlı siyasətindən əl çəkməyəcək. Ukrayna hər şeyə hazır olmalı və bütün variantları hesablamalıdır.
Rusların əhalini təcili surətdə təxliyə etməsinə xüsusi diqqət ayırmağa ehtiyac var. Ehtimal etmək olar ki, bu tədbirlərin görülməsi yalnız birbaşa əhalinin təhlükəsizliyi ilə əlaqəli deyil. Kremldə yaxşı bilirlər ki, Ukrayna ordusu dinc sakinlərə heç bir zərər verməyəcək. Ona görə də kütləvi təxliyənin üç səbəbi ola bilər.
Birincisi, Kremldə qorxurlar ki, Ukrayna ordusu bu ərazilərdə əsaslı şəkildə yerləşdikdən sonra oradakı əhali kütləvi olaraq Putinə qarşı çıxar. Putinin Kursk və Belqorod vilayətlərindəki əhalinin total təxliyəsi mövzusuna daha çox vaxt ayırması onun keçirdiyi müşavirənin gedişindən də aydın görünürdü. Ukrayna ordusunun zəbt etdiyi yaşayış məskənlərinin video görüntülərindən bəlli olur ki, dağıntılar azdır. Əhali arasında kütləvi təlaş salıb insanları evrlərindən qovub çıxaran Rusiya hakimiyyətidir. Daim “yarıyuxulu” vəziyyətdə olan Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov sakinlərin avtobuslara doldurulmasına şəxsən başçılıq edir. Putin düşünür ki, Ukrayna rəhbərliyi onun Donetsk və Luqanskda etdiyini təkrarlaya, müəyyən zaman içərisində “Kursk Xalq Respublikası” və ya “Belqorod Xalq Respublikası” yarada bilər. Deməli, həm də buna görə hamını ərazidən, evlərindən kütləvi şəkildə qovub çıxarırlar. Əslində, qaçqınların aqibəti Rusiya rəhbərliyini maraqlandırmır və əlbəttə ki, onları sonradan taleyin ümidinə buraxacaqlar.
İkinci səbəb Kremlin daha məkrli plan hazırlaması ola bilər: Kreml Ukrayna ordusunu tədricən Rusiyanın içərilərinə çəkir və sonra ona qarşı taktiki nüvə bombasından istifadə edir. Bunu bir il əvvəl Yevgeni Priqojin də söyləmişdi. Bundan sonra Rusiya rəhbərliyi deyəcək ki, biz hərbi doktrinamıza uyğun şəkildə nüvə silahından istifadə etmişik və kiminsə ərazisinə nüvə bombası atmamışıq, özümüzü qorumaq üçün bunu etməyə məcbur olmuşuq və s. Əlbəttə, belə bir hiyləgər planın həyata keçirilmə ehtimalını şübhəsiz ki, Ukrayna tərəfi də görməmiş olmaz. Ancaq bu avatürist planın reallaşdırılması rusların özü üçün də böyük risk daşıyır. Çünki artıq hər iki ordu demək olar ki, bir-birinə yaxın məsafədə üz-üzə durub, Kursk şəhərində isə hazırda 400 mindən çox insan yaşayır…
Üçüncüsü, Rusiya Kursk vilayətində ukraynalılara qarşı güclü əks-hücum hazırlayır və buna görə də öz əhalisini təxliyə edir. Həm də göstərmək istəyir ki, baxın, “biz özümüzünküləri atmırıq”.
Rusiyada ictimai-siyasi sabitlik pozula bilərmi?
Bu gün beynəlxalq mətbuatda tez-tez səslənən tezislərdən biri də Ukrayna ordusunun hücumunun Rusiyadakı ictimai sabitliyi pozacağı ilə bağlıdır. Ukrayna Silahlı Qüvvələri təxminən 1000 kvadrat kilometr ərazini zəbt edib və irəliləməkdə davam edir. Əgər nəzərə alsaq ki, Rusiya cəmiyyəti siyasi cəhətdən apatikdir və təxliyə edilən əhalinin sayı milyonlarla ölçülmür, o zaman hər hansı ictimai-siyasi etirazın baş qaldırmasını söyləməyə dəyməz. Həmçinin unutmayaq ki, Rusiyadakı mərkəzi televiziya kanallarına böyük pullar ona görə axıdılır ki, təbliğat vasitəsi ilə əhalinin beyni yuyulsun və oraya təhrif olunmuş məlumatlar doldurulsun, insanlar çaşdırılsın. Rusiya hakimiyyəti təkcə təbliğatla yetinməyərək, bir sıra mürtəce qanunlar da çıxarıb və bu qanunlar əsasında müharibə əleyhinə etiraz səsini ucaldanları asanlıqla cinayət məsuliyyətinə cəlb edir.
Kremlin təbliğat korpusunun “cəngavərlərı” deyirlər ki, Ukrayna blitskriqə nail ola bilmədi və Rusiyanın ərazisi böyükdür, onların canlı resursu bizimki qədər deyil. Təbliğatçılara tapşırıq verilib ki, Putinin tənqidinə qətiyyən yol verilməsin və xalq qorxudulsun ki, əgər Ukrayna qalib gəlsə, sizin hamınız məhv olacaqsınız. Vladmir Solovyovun verilişində məhz belə bir fəndə əl atıblar. Həmin verilişdə kinorejissor Karen Şahnazarov deyir ki, rusiyalılar Rusiya məğlub olsa, bunun nə ilə bitəcəyini düşünməlidirlər. Solovyov isə əlavə edir ki, Rusiya uduzsa, ölkə kimi mövcud olmayacaq və Rusiya olmasa, bəşəriyyət də olmayacaq. Yəni, Solovyov həm rusları, həm də bütün dünyanı nüvə müharibəsi ilə təhdid edir. Ancaq demir ki, Rusiya uduzsa, “dahi rəhbər” Vladimir Putinə, onun sevimli əyanlarına nə olacaq. Məlumdur ki, Rusiya məğlub olacaqsa, Kremldə yeni rəhbər əyləşəcək və Solovyovun, Kiselyovun, Simonyanın, Mardanın və sairə bu kimilərin doğrudanda sonu gələcək.
Rusiya Avropa deyil. Onun tarixində etiraz və üsyan yalnız silahlı güclər tərəfindən həyata keçirilib. Əgər Priqojin kimi birisi meydana çıxarsa və hökumət qüvvələri ilə ciddi qarşıdurma yaranarsa, onda ölkədə ictimai təlatüm yaşanar. Əlbəttə, Ukrayna Silahlı Qüvvələri Kursk, Belqorod və Bryansk vilayətlərinin ərazisini tam ələ keçirsə və ya Donbasdakı rus qoşunlarını əzib sıxışdırsa, o zaman Kremldə mütləq təlaş başlayacaq. Yoxsa, tək Kursk vilayətində Ukrayna ordusunun var-gəl etməsi Vladimir Putinin hakimiyyətdən uzaqlaşdırılması ssenarisi üçün kifayət etməyəcək. Çünki hakim elita ən kritik məqamı gözləyir. Əlbəttə, elita görsə ki, Rusiya real məğlubiyyətlə üz-üzədir, o zaman heç kim “Putinlə uçuruma doğru irəli” marşrutu ilə getməyəcək. Ona görə də hər şey döyüş meydanında həll olunur. /azpolitika.info