Dövlətə və millətə əqidəsi, amalı düz olan ən layiqlilərinə səs verək
Bildiyimiz kimi, yerli özünüidarəetmə orqanı olan bələdiyyələr Azərbaycan cəmiyyətinin inkişafında əsaslı rol oynayırlar. Binəqədi rayonu Rəsulzadə qəsəbə bələdiyyəsi də bu istiqamətdə üzərinə düşən missiyanı uğurla icra edir. Bələdiyyənin sədri Hüseynov Hümbət Rəhim oğlunun yerli idarəetmə bacarığı, bələdiyyə işindəki məmnun fəaliyyəti və s. cəmiyyət üçün layiqli töhfələrdir. Elə bu uğurlu cəhdləri nəzərə alaraq Yeni Azərbaycan Partiyası Binəqədi rayon 10 saylı seçki dairəsindən Hüseynov Hümbət Rəhim oğlunun namizədliyini irəli sürüb.
Hümbət Hüseynovu geniş ictimaiyyət yaxşı tanıyır. Ancaq biz yenə də onun həyat və iş fəaliyyəti barədə bəzi məqamları oxucularımıza təqdim edirik:
Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Hüseynov Hümbət Rəhim oğlu 3 dekabr 1963-cü ildə Göyçə mahalının Çəmbərək (Krasnoselo) rayonunun Ardanış kəndində ziyalı ailəsində anadan olub. 1981-1986-cı illərdə Azərbaycan Texniki Universitetinin mexanika fakültəsində, 1994-1999-cu illərdə isə Moskva Dövlət Sosial Universitetinin hüquq fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə 1986-1991-ci illərdə Q.Musabəyov adına Maşınqayırma zavodunda mühəndis-texnoloq kimi başlayıb. 1993-2000-ci illərdə Xətai Rayon İcra Hakimiyyətində başçının köməkçisi, 2000-2004-cü illərdə Binəqədi Rayon İcra Hakimiyyətində Hüquq şöbəsində mütəxəssis vəzifəsində çalışıb. 2004-cü ildə respublikada keçirilən II çağırış bələdiyyə seçkilərində iştirak edərək Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinə üzv seçilib. 2006-cı ildən 2009-cu ilədək bələdiyyə sədrinin iqtisadi məsələlər üzrə müavini, sədr əvəzi və sədri vəzifələrinə seçilib. 2009-cu ildə respublikada keçirilən III çağırış, 2014-cü ildə IV çağırış bələdiyyə seçkilərində iştirak edərək bələdiyyə üzvü seçilib və bələdiyyə sədri olub. 2012-ci ildə və 2015-ci ildə Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının sədri seçilib. Eyni zamanda, Avropa Şurasında Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin üzvüdür. Texnika elmləri namizədidir. Alman, rus və türk dillərini bilir.
Azərbaycan bələdiyyə üzvlərindən ibarət nümayəndə heyətinin üzvü kimi, bir neçə dəfə Fransanın Strasburq şəhərində Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin sessiyalarında iştirak edib.
Ailəlidir, üç övladı var.
Bildiyimiz kimi, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov nümunəvi fəaliyyətinə, dövlətçilik işindəki layiqli töhfələrinə görə yüksək mükafata layiq görülüb, Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 2-də imzaladığı Sərəncama əsasən “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubley medalı ilə təltif edilib. Təltifolunma mərasimində Hümbət Hüseynov deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə Azərbaycan Bələdiyyələri Milli Assosiasiyasının sədrlərindən biri, həmçinin bələdiyyə sədri kimi təltif olunmağım on minlərlə bələdiyyə üzvləri üçün böyük fəxarət və qürurverici mükafatdır. Azərbaycanda yerli idarəetmə sisteminin hüquqi bazasının 1995-ci ildə Konstitusiyada təsbit olunması, 1999-cu ildə ilk bələdiyyə seçkilərinin keçirilməsi və təşkilatlanması Ulu Öndər Heydər Əliyevin xeyir-duası ilə həyata keçirilmişdir. Əziz xatirəsini daim minnətdarlıqla yad etdiyimiz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan yubiley medalına layiq görülməyimiz, bizə göstərilən yüksək diqqət və qayğıy əlbəttə, dövlətçiliyə olan sevgimizin bariz ifadəsidir.
Hümbət Hüseynov bələdiyyə işinin kamil bilicilərindəndir. Bələdiyyə və onun təşkilatlanması, bələdiyyələrin hüquqi bazasının təsbit olunması, bələdiyyə və cəmiyyət sisteminin normativ əsasları və s. Hümbət müəllimin gələcək illərdə qarşısına əsas vəzifə kimi qoyduğu konsepsiyalardır və o, indidən bu istiqamətdə öz təcrübəsini, bacarığını heç bir təmənna güdmədən ortaya qoyur.
Ümid edirik ki, 1 sentyabr 2024-cü ildə Milli Məclisə keçiriləcək seçkilərdə Binəqədi rayon 10 saylı seçki dairəsi üzrə namizədliyi YAP tərəfindən irəli sürülən Hüseynov Hümbət Rəhim oğlu yüksək nəticə əldə edəcək, seçicilərin böyük hissəsinin etimadını qazanacaq və deputat seçiləcəyi təqdirdə də ona səs vermiş insanların hüquqlarının qorunması, bəzi sosial problemlərin aradan qaldırılması istiqamətində layiqli addımlar atacaq.
Atalar deyib ki, çörəyi ver çörəkçiyə, birini də üstəlik. Bu, həm də o anlama gəlir ki, işi bilənə tapşırarlar. Cəmiyyətin iş bilənlərə böyük ehtiyacı var. Əminik ki, Hüseynov Hümbət Rəhim oğlu öz işini kamil bilən insan kimi inşallah, Milli Məclisdə təmsil olunacaq, seçicilərini məmnun edəcək.
Sizə 1 sentyabrda keçiriləcək deputat seçkilərində uğurlar diləyirik, Hümbət müəllim!
Sona Abbasəliqızı
AYB və AJB-nin üzvü
Prezident mükafatçısı