Yeddi il sonra geri döndülər – İranın hiyləgər planı işə düşdü
İraqda Mosul-Ərbil-Bağdad üçbucağının mərkəzində yer alan türkmən şəhəri Kərkük 7 ildən sonra növbəti dəfə PKK terror təşkilatının əməkdaşlıq etdiyi “Kürdüstan Vətənpərvərlər Birliyi”nə (KVB) təhvil verilib.
Ümumilikdə 16 yerdən ibarət olan Kərkük Əyalət Şurası 5-i KVB üzvü, 3-ü ərəb, 1-i xristian olmaqla 9 şura üzvü ilə iclas keçirib.
İranın öncüllüyü ilə yaradılan qondarma birlik KVB üzvü Rəbvar Tahanın valiliyini, ərəb Məhəmməd Hafizin də şura sədrliyini dəstəkləyib.
İraq Türkmən Cəbhəsinin (İTC) sözçüsü Məhmət Səman bu qeyri-qanuni durumu qəbul etmədiklərini və məhkəməyə müraciət edəcəklərini açıqlayıb: “Eyni oyun Mosulda da oynanıldı. KVB-nin keçmişdə törətdiyi qətllər və təxribatları yaddaşımızda təzədir”.
Səman İraqın işğalı və ilk konstitusiya prosesindən bu yana ölkədəki türkmən varlığının xüsusi bir strategiya çərçivəsində gözardı edildiyini vurğulayıb. İTC sözçüsü eyni oyunun Kərkükdə bir daha oynanıldığını bildirib.
“Türkiyə” qəzetinə danışan regional mənbələr məkrli planın arxasında İranın dayandığını və Tehranın Kərkükdə xaosun olmasını istədiyini deyiblər. Bundan əlavə, regional mənbələr KVB-PKK əlaqələrini də xüsusi olaraq vurğulayıblar.
“Son hadisələr göstərir ki, İran KVB və PKK-ya qarşı ənənəvi münasibətini dəyişir. Belə bir taktika ilə narahat olduğu (Türkiyənin) İnkişaf Yolu Layihəsinin qarşısını almaq niyyətini ortaya qoyur. İran həmçinin Kərkük neftini qərblilərlə bölüşdürmək strategiyasını davam etdirir”, – mənbə Türkiyə nəşrinə söyləyib.
Türkiyə bu yaxınlarda bölgədəki böhranın öhdəsindən gəlmək üçün düstur olaraq dönəmli valilik və idarəetmə modelini təklif etmişdi./teleqraf.com